Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycandakı əməliyyatları üçün 1,5 milyon ABŞ dolları məbləğində kredit cəlb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, faizsiz kreditin müddəti avqust ayından başlayaraq 18 aydır.
Həmçinin şirkətin törəməsi “Zena Drilling Ltd” “Robotics” şirkətinin “BD-260” qazma qurğusunu 2,3 milyon avroya alıb. “Zenith Energy” qurğunu növbəti 18 ay ərzində “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokda planlaşdırılan qazma işlərini başa çatdırmaq üçün alıb.
Qeyd edək ki, 2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb
Sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.
“Zenith Aran Oil Company Limited” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir.