SOCAR prezidenti Rövnəq Abdullayev APA-ya müsahibə verib. Müsahibədə şirkətin satışa çıxartdığı istiqrazlar və digər məsələlər bardə danışıb.
Caspian Barrel müsahibəni oxuculara təqdim edir:
– SOCAR ilk dəfə olaraq Azərbaycan vətəndaşları üçün bazarda istiqrazlar (SOCAR İstiqrazları) buraxdı. Dövlət şirkəti olan SOCAR niyə indiyə qədər deyil, məhz hazırkı məqamda belə bir qərar aldı?
– İstiqrazların tarixi qədim olduğu kimi, Azərbaycandakı tarixi də qədimdir. 100 il bundan əvvəl Bakı Neft Cəmiyyəti, bir sıra neft emalı zavodları, Dəmir Yolları İdarəsi və Bakı Bələdiyyəsi kimi qurumlar tərəfindən istiqrazlar buraxılmışdı. Bütün bu buraxılışlar mühüm sosial-iqtisadi layihələrin icrası ilə bağlı idi. Məsələn, 1 il sonra 100 illiyini qeyd edəcəyimiz Bakı Şollar Su Kanalının çəkilişi məhz istiqraz buraxılışı nəticəsində əldə edilmiş vəsaitlə mümkün olub. Bundan başqa, 100 ildən artıq müddət əvvəl Sabunçu Neft Emalı Zavodunun səhmləri satışa çıxarılmış, həmin satışa investorlar ciddi maraq göstərmiş və beləliklə, daxili və xarici kapital bazarlarının inkişafına dəstək olub. SOCAR bu istiqrazları buraxmaqla 100 illik tarixə malik bir ənənəni də yenidən canlandırmaq istəyib. İndiyədək SOCAR xarici kapital bazarlarında xarici investorlar üçün 3 dəfə avrobondlar buraxıb və həmin buraxılışılar böyük maraq və yüksək tələbatla qarşılanıb. SOCAR olaraq ilk dəfə belə qərara gəldik ki, ölkəmizdə öz vətəndaşlarımız üçün istiqraz çıxaraq, çünki xaricilərə hər il milyonlarla dollar faiz ödəmək əvəzinə, öz vətəndaşlarımıza birbaşa gəlir qazandırmaq bizim üçün daha vacibdir. Digər tərəfdən də xarici maliyyə bazarlarında əldə etdiyimiz təcrübə ilə ölkəmizin maliyyə bazarını inkişaf etdirərək, maliyyələşmə kanallarımızı şaxələndirir və vətəndaşlarımıza yeni bir investisiya imkanı təqdim edirik. Bunun üçün daxili bazarda müvafiq infrastruktur da formalaşıb. Yaxın zamanadək Azərbaycanda faiz dərəcələri yüksək idi, banklarda faiz dərəcəsi 20%-dək qalxmışdı və bu hal bizə bazarda aktiv fəaliyyət göstərməyimiz üçün səmərəli deyildi. Həmin vaxt biz 2, 4, 5, 6 faizlə kredit cəlb edə bilirdik və bu bizim üçün daha əlverişli idi. Hazırda isə daxili və xarici faiz dərəcələri bir-birinə yaxınlaşdığına görə, istiqraz buraxılışı üçün münbit bir zəmin yaranıb. Bu gün vətəndaşlarımız yığımlarının 80%-ni dollarda saxlayırlar və həmin yığımlar passiv vəziyyətdə evlərdə, seyflərdə tutulur. İqtisadiyyatdan kənar qalan, sahibinə və iqtisadiyyatımıza heç bir fayda verməyən həmin vəsaitləri aktiv iqtisadiyyata cəlb etmək üçün SOCAR İstiqrazlarını ABŞ dollarında buraxdıq.
– SOCAR istiqrazları nədir? Kimlər ala bilər, necə ala bilər? Hansı şərtləri və xüsusiyyətləri var?
– SOCAR İstiqrazı SOCAR-la investor arasında bağlanmış kredit müqaviləsidir. İstiqrazların ən böyük üstünlüyü arada heç bir vasitəçi maliyyə qurumunun olmamasıdır. Yəni, investor (istiqraz sahibi) pulunu və ya kapitalını ən münasib qiymətə sata bildiyi kimi, şirkət də ən münasib qiymətə ala bilir. Bu istiqrazlar elektron formatda buraxılıb və qeydiyyatı Milli Depozit Mərkəzində (MDM) aparılır. İstiqrazların beynəlxalq və yerli hüquqda statusu olduqca güclüdür. Çünki, hüquqi olaraq yanaşanda emitent şirkətə nə isə olarsa, istiqraz sahibləri istənilən halda səhmdarlar qarşısında üstünlüyə sahibdirlər. Odur ki, həmin vəziyyətdə əldə ediləcək maliyyə vəsaitləri əvvəlcə istiqraz sahiblərinə ödənir. Sonra balansda qalan vəsait ilə səhmdarlara ödəniş edilir.
Dövlətimiz istiqrazlarımızın buraxılışına böyük dəstək verir. İstiqrazlarımız vətəndaşlarımız üçün bütün növ vergilərdən azaddır. İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurub və hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq.
İstiqrazların buraxılış məbləği: 100,000,000 (yüz milyon) ABŞ dolları
Bir istiqrazın nominal dəyəri: 1 000 (min) ABŞ dolları
İstiqrazların müddəti: 5 illik
İstiqrazların Faizi: illik 5%
Faiz ödənməsi periodu: Hər 3 aydan bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü.
Azərbaycandakı bütün fiziki və hüquqi şəxslər SOCAR istiqrazlarını ilkin bazardan əldə edə bilərlər. Bu, yerli investorlar üçün bir imtiyazdır.
Xarici investorlar isə bu istiqrazları ilkin bazardan deyil, təkrar bazardan ala biləcəklər. Satışlarda ilk üstünlük fiziki şəxslərə (hüquqi şəxslər qarşısında) verilməklə bərabər, SOCAR işçiləri də daxil olmaqla, heç bir şəxsə və quruma (təşkilata) xüsusi imtiyaz hüququ verilmir. Bəs, vətəndaşlar aldıqları bu istiqrazları necə satacaqlar? Belə ki, istiqrazını satmaq istəyən şəxs 1 və 5 saylı Asan xidmət mərkəzlərinə yaxınlaşa bilərlər. Həmin mərkəzlərdə SOCAR istiqrazın daimi köşkləri olacaq və satış məsələsində istiqraz sahiblərinə lazımi dəstək göstəriləcək. SOCAR buraxdığı istiqrazların likvidliyini 5 il boyunca daim təmin edəcək, bazarda alıcı qismində çıxış edərək, investorların maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq.
Onu da qeyd etmək istərdim ki, SOCAR İstiqrazlarının satış tarixi 10 oktyabr tarixində bitir və istiqrazlarımız məhdud sayda satışa çıxarılıb. Bu buraxılışda yerli hüquqi şəxslərlə müqayisədə üstünlüyü fiziki şəxslərə, yəni vətəndaşlarımıza vermişik. İstiqrazlarımızı əldə etmək istəyən vətəndaşlarımıza problem yaşamamaları üçün sifarişlərini son günlərə saxlamamalarını məsləhət görürük. Çünki, tələbat xeyli yüksəkdir və istənilən qədər istiqraz əldə etməkdə çətinlik çəkə bilərlər, digər tərəfdən də iş qrafikinə uyğun olaraq sifarişlərin günün müəyyən saatlarında qəbul edilməsi və yaranacaq növbə sıxlığı fürsəti qaçırmalarına səbəb ola bilər. Xalqımıza və ölkəmizə xeyirli olsun!
– Vətəndaşları ən çox maraqlandıran suallardan biri də budur ki, istiqraz sahibləri 5 il müddəti gözləmədən bu istiqrazları istədikləri zaman tam olaraq SOCAR-a sata biləcəklərmi və necə satacaq? SOCAR bunun üçün nə kimi zəmanət verir?
– Vətəndaşlar Asan xidmətin 1 və 5-ci mərkəzlərinə gəlib, istiqrazlarını SOCAR-a sata biləcək. Bu barədə zərrə qədər narahatlığa ehtiyac yoxdur. Biz lazım olan bütün mexanizmləri qurmuşuq və verdiyimiz sözün arxasındayıq. Mən xaricilərə vermədiyim bu zəmanəti öz vətəndaşlarımıza vermişəm. SOCAR çıxardığı 100 milyon dollarlıq istiqrazların hamısını növbəti gün ala bilmə gücünə sahibdir. Vətəndaşlarımız heç bir itki ilə üzləşməyəcək. İstiqrazları aldıqları qiymətdən SOCAR-a geri sata biləcəklər. SOCAR-ın böyüklüyünü nəzərə alanda bu istiqrazın miqdarı olduqca kiçikdir və bu çox açıqdır. SOCAR Azərbaycan xalqının şirkətidir və hər zaman öhdəliklərinin arxasında durub.
Biz xaricdə əldə etdiyimiz təcrübələrlə ölkəmizin maliyyə bazarlarını inkişaf etdirmək üçün yola çıxdıq. Bu məqsədlə də xalqımızın mənafeyinə uyğun olaraq xaricilərə vermədiyimiz imtiyazları bu buraxılışda xalqımıza verdik. Bu barədə geri satın alma ən mühümlərindən biridir. Bununla bağlı bəzi əsassız tənqidlər eşitdik. Burada təkrarlayıram və açıq şəkildə vurğulayıram ki, SOCAR çıxardığı istiqrazların arxasındadır və söz verdiyi kimi satmaq istəyən vətəndaşlarımızdan geri alacaq.
– SOCAR İstiqrazlara hansı şəkildə zəmanət verir və bunu necə təmin edəcək?
– SOCAR 40 milyard manatlıq aktivləri ilə Azərbaycanın ən böyük şirkəti, təqribən 1,5 milyard manatlıq vergi ödənişi ilə ən böyük vergi ödəyicisi, 52 000-dən çox işçisi ilə ən böyük işəgötürəni və ölkənin ən böyük ixracatçısı olaraq, 100% dövlətə məxsus bir şirkətdir. Eyni zamanda, 13,5 milyard manatlıq səhm kapitalı, 1,6 milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı icraçısı mövqeyindədir. Bundan başqa, nəzərinizə çatdırmaq istərdik ki, SOCAR İstiqrazları qanunvericiliyə uyğun olaraq SOCAR-ın öhdəliyi hesab edilir və SOCAR Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, SOCAR öz öhdəliklərinə görə sərəncamında olan əmlakla (yəni, sahib olduğu pula dəyər hər şeyin, varın, mal və mülkün toplamı ilə) cavabdehdir.
Cəmi 100 milyon ABŞ dolları dəyərində olan SOCAR istiqrazları üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək SOCAR üçün hansısa maliyyə çətinliyi yarada bilməz. Bundan başqa, SOCAR tərəfindən bu günədək xarici investorlar üçün beynəlxalq kapital bazarlarında buraxılan $2,25 milyardlıq avrobondlar və həmin avrobondlara göstərilən böyük maraq SOCAR-a olan yüksək etimadın bariz nümunəsidir. Baxmayaraq ki, daxildə buraxdığımız istiqrazlara şamil etdiyimiz güzəştləri həmin avrobondlara tətbiq etməmişik. Qısaca müqayisə aparaq:
SOCAR İstiqraz | SOCAR Avrobond |
SOCAR hər an geri alma zəmanəti verib | SOCAR ancaq tədavül müddətinin sonunda geri alacaq (10-15 il) |
5 il müddətlidir | 10-15 il müddətlidir |
Bütün növ vergilərdən azaddır | Vergi ödənilir |
3 aydan bir faiz ödəniləcək | 6 aydan bir faiz ödənilir |
Emissiya: $100 milyon | Emissiya: $2.25 milyard |
– SOCAR-ın bu addımı Azərbaycanda o qədər də inkişaf etməmiş kapital bazarlarının güclənməsinə dəstək məqsədi daşıyır, yoxsa istiqrazların satışından əldə olunacaq vəsait SOCAR-ın yaranmış daxili və xarici borclarının ödənilməsi üçün sərf olunacaq?
– SOCAR İstiqrazlarının buraxılışının başlıca səbəbi Azərbaycan Respublikası vətəndaşlarının SOCAR qrupuna daxil olan şirkətlərin mənfəətlərindən birbaşa pay ala bilməsi, eyni zamanda, yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsidir. SOCAR İstiqrazları SOCAR-ın xarici maliyyə bazarlarında əldə etdiyi təcrübəni Azərbaycan maliyyə bazarına tətbiq etmək və mövcud maliyyə sistemini daha da möhkəmləndirmək strategiyasının mühüm tərkib hissəsidir.
Azərbaycanda birja digər dünya ölkələri ilə müqayisədə daha az inkişaf edib. Adi bir misal, Polşa birjasının böyüklüyü 260 milyard dollardan çox, Macarıstanda 70 milyard dollar, Türkiyədə isə 250 milyard dollardır. Biz də öz aşağı göstəricimizi mümkün olduğu qədər inkişaf etdirməliyik. Çünki müasir dövrdə kapital bazarlarının gəlirliliyi olduqca yüksək səviyyədədir və bu qrafik getdikcə artır. Məsələn, 2003-cü ildə Səudiyyə Ərəbistanının kapital bazarlarının böyüklüyü 32 milyard dollara yaxın idi, 10 il sonra dövlətin neft və kommunikasiya şirkətlərinin də birjada aktiv rol oynamağa başlaması nəticəsində həmin göstərici 2013-cü ildə 500 milyard dollara yaxınlaşdı. Niyə biz prosesdən kənar qalmalıyıq?! Azərbaycanda kapital bazarı zəif inkişaf etdiyinə görə, indiyədək insanların gəlirlərini artırmaq üçün seçim yolları çox olmayıb. Belə ki, ya vəsaitlərini banklara qoyaraq, faiz götürüblər, ya da biznes fəaliyyəti ilə məşğul olmağa çalışıblar. Hər kəs pulunu banka qoymadığı kimi, biznes fəaliyyəti ilə məşğul olub, gəlir əldə etməyi də hər kəs bacarmır, ya da bizneslə məşğul olmağa zamanları yoxdur. Odur ki, kapital bazarının inkişaf etdirilməsi üçün vətəndaşlara yeni alternativ investisiya imkanlarının təqdim olunması və müxtəlif maliyyə alətlərindən istifadə etmək hazırda olduqca mühümdür. Bu səbəbdən biz də davamlı olaraq vətəndaşlarımıza etibarlı və gəlirli yeni investisiya imkanları təklif etməyi planlaşdırırıq, hansı ki, SOCAR İstiqrazları bu baxımdan bizim birinci məhsulumuzdur. Möhtərəm Prezidentimizin 2011-ci il 16 may tarixli Sərəncamına əsasən, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiq edilib. Bu sərəncam birbaşa ölkəmizdəki maliyyə bazarlarının inkişafı ilə əlaqədardır. Həmin Dövlət Proqramına istinadən, biz də ilk addım olaraq bu ilin 20 sentyabr tarixində SOCAR İstiqrazlarını satışa çıxardıq. Gələcəkdə digər istiqraz və alternativ investisiya alətlərini investorlarımıza təqdim etməyi planlaşdırırıq.
Biz xaricə faiz verib, əcnəbilərə gəlir qazandırmaqdansa, öz ölkə vətəndaşlarımıza gəlir qazandırmaq istəyirik. Buradan əldə olunacaq vəsaitin bir qismi xaricə buraxdığımız avrobondların geri alınmasına sərf olunacaq. Niyə biz əbəs yerə xaricilərə faiz verib-gəlir qazandıraq. Həmin ödənişlər bizim üçün əlavə yükdür və biz istəyirik ki, ilk növbədə öz vətəndaşlarımıza qazandıraq. Verdiyimiz 5%-in də minimum 2-3%-i ölkə iqtisadiyyatında qalacaq. Yəni, bütün tərəflər bundan qazanır. Bu səbəblə bizim devizimiz də “Siz qazanın – Ölkəmiz qazansın”dır.
– Son vaxtlar mediada tez-tez SOCAR-ın yüksək kreditlərinin olduğu və eyni zamanda, daxildə yaranmış kreditlərini ödəyə bilmədiyi gündəmə gəlməkdədir. SOCAR-ın müvafiq maliyyə vəziyyəti haqqında məlumat verərdiniz. SOCAR vəsait cəlb etməkdə hər hansı bir çətinlik çəkirmi?
– SOCAR vəsait cəlb etməkdə heç bir çətinlik çəkmir. Hətta SOCAR 5 illik kreditlərini 2 – 3% ilə cəlb edə bilir, baxmayaraq ki, biz daxilə istiqrazları 5% ilə satırıq. Şirkətimiz 40 milyard manatlıq aktivləri, 13.5 milyard manatlıq səhm kapitalı, 1.6 milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı icraçısı mövqeyindədir. Digər tərəfdən, investisiyalarının icrası ilə bağlı kredit cəlb etmək praktikası bütün dünyada geniş yayılıb, dünyanın nəhəng şirkətləri uyğun faizlə kredit almağa üstünlük verirlər. SOCAR bu baxımdan layihələrinin həyata keçirilməsi üçün dünyada və tarixdə kredit götürən birinci şirkət olmadığı kimi, heç vaxt sonuncu şirkət də olmayacaq. İndiyədək SOCAR-ın ödəmədiyi və ya gecikdirdiyi tək bir krediti də yoxdur. Bütün bu kreditlər bir neçə il ərzində ölkəmizə yüksək gəlirlər gətirəcək olan layihələrin icrasına xidmət edir. Adi bir məntiqi nümunə söyləyək: Tutaq ki, SOCAR-ın əlində 100 dollar pulu var. SOCAR bu pul ilə gedib bir layihə həyata keçirmək əvəzinə, 20%-ni özü qoymaqla, 80%-ni də banklardan cəlb edərək 5 layihə həyata keçirə bilər. Bu zaman həm risklərini banklarla bölüşmüş olar, həm də sonda 5 layihənin sahibinə çevrilər. Belə olan halda, risk məsələsində SOCAR daha əlverişli mövqedə olacaq, çünki onun daşıdığı risk cəmi 20%, bankların riski isə 80% təşkil edəcək. Həm də banklarla ortaq olmağın özü də müsbət haldır, çünki onlar da başdan-sona layihələrin qüsursuz icrası üçün gedişata daim nəzarət edəcəklər. SOCAR, Türkiyədəki aktivi olan “SOCAR Türkiyə” şirkətinin 13%-ni 1,3 milyard dollara “Goldman Sachs və JP Morgan” investisiya bankına satarkən, həmin bankın nümayəndələri SOCAR-ın bütün maliyyə vəziyyətini, kreditlərini, öhdəliklərini, imzaladağı müqavilələri, icra etməkdə olduğu layihələri nəzərdən keçirərək həmin hissələri aldılar, bunu Rövnəq Abdullayevin sözünə və ya hansısa şəxsi münasibətə görə etmədilər. SOCAR-ın bu gün borcu 6 milyard dollardan artıq deyil, bu da belə böyük layihələr həyata keçirən bir şirkət üçün normal bir məbləğdir. Bu məbləğ “SOCAR Türkiyə”nin qiymətləndirilmiş dəyərinin heç 60%-i etmir. Digər tərəfdən, Türkiyədəki 300 milyon dollar investisiya dəyəri olan Petkim limanının tikintisi üçün Petkim 65 milyon dollar vəsait qoydu, geri qalan məbləğ isə banklardan kredit olaraq cəlb edildi. Daha sonra həmin limanın 30%-i “Goldman Sachs” investisiya bankına 300 milyon dollar qarşılığında satıldı və bu qədər sərfəli şəkildə qoyulmuş bütün xərc çıxarıldı. Qeyd etmək istərdim ki, Petkim limanının dəyəri təxminən 1 milyard dollar olaraq qiymətləndirilir. Hazırda SOCAR-ın 100 dollarlıq avrobondlarının London birjasındakı qiyməti 102 – 107 dollar arasında dəyişir. Bu səbəbdən mən artıq bu borc məsələsinin gündəmdən çıxarılmasını istəyirəm, çünki bu söhbətlərin heç bir əsaslı, şişirdiləcək mənası yoxdur.
– Son zamanlar gündəmə gələn məsələlərdən biri də SOCAR- ın yaxın gələcəkdə özəlləşdirilməsi məsələsidir. Belə bir addım atılacağı planlaşdırılırmı? Bu haqda ətraflı məlumat verərdiniz.
– Belə bir məsələ gündəmdə deyil. Cənab Prezident də Davosda bu məsələyə aydınlıq gətirərək, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin özəlləşdirilməyəcəyini bəyan edib. SOCAR Azərbaycan dövlətinin 100% səhmlərinə sahib olduğu bir şirkətdir və SOCAR-ın xüsusi dövlət imtiyazları vardır. SOCAR Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edir və ölkəmiz üçün olduqca strateji əhəmiyyətə malikdir. Ancaq bildiyiniz kimi, SOCAR-ın 36 birgə müəssisəsi, 18 əməliyyat şirkəti, holdinq və çox sayda digər müəssisələri mövcuddur. SOCAR bu şirkətlərinin səhmlərini fond birjasında satışa çıxara bilər. Çünki vətəndaşlarımızın kapital bazarlarına birbaşa çıxışı olmalıdır və bu hal ümumilikdə ölkədaxili kapital bazarlarının inkişafına xidmət edən bir təmayüldür. SOCAR beynəlxalq bir şirkət olaraq, daxili və xarici maliyyə bazarlarının əhəmiyyətini yüksək qiymətləndirir və vətəndaşlarımızı da bu prosesə təşviq etmək niyyətindədir. Bunun üçün biz müvafiq bir şirkət də qurmuşuq, davamlı bazar araşdırmaları aparırıq və qlobal təcrübə və tendensiyaları yaxından izləyirik. SOCAR-ın alt şirkətləri vasitəsilə “Tekfen”, “Saipem” kimi bir çox şirkətlə ortaqlıqları mövcuddur, ancaq bizim hazırda başlıca məqsədimiz alt şirkətlərimizin səhmlərinin birjada satılmasını təmin etməkdir, çünki bu proses həm vətəndaşlarımıza, həm daxili kapital bazarlarının inkişafına, həm də SOCAR-a olduqca faydalıdır. Həmin səhmlərin gələcəkdəki satışı prosesinə başda yerli investorlarımız olmaqla, xarici investorlarımızı da cəlb etmək istəyirik.