Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bu gün konfransda çıxış edərkən bəyan edib ki, artıq Azərbaycanda istehsal edilən elektrik enerjisinin 16%-i alternativ mənbələrin hesabına əldə edilir.
Caspian Barrel bunun nə dərəcədə həqiqətə uyğun olmasını araşdırmaq qərarına gəlib.
Bunun üçün Statkomun son məlumatları, yəni 2016-cı ilin 9 ayınını yekunlarına dair yayılan HESABAT nəzərdən keçirilib.
Hesabata görə, Azərbaycanda 16 794,6 mln kVt\saat elektrik enerjisi istehsal edilib. ilin əvvəlindən 50,1 mln kVt\saat – günəş enerjisi, 11,8 mln kVt\saat isə külək enerjisi istehsal edilib. Yəni alternativ enerji hesabına 9 ayda ölkədə 61,9 mln kVt\saat elektrik enerjisi hasil edilib ki, bu da ölkəin elektrik enerji balansında cəmi 0,38% təşkil edir.
Qeyd edək ki, su elektrik stansiyaları (SES) heç zaman alternativ energetikaya aid edilmir. Təsəvvür edin ki, hazırda dünyada gücü 1000-6000 meqavat olan nəhəng SESlər mövcuddur, onları necə alternativ enerji mənbəyi kimi saymaq olar?
Ona görə də alternativ energetikaya ancaq mini-SES-lər aid edilir. “Azərenerji” ASC-nin balansında hazırda 6 mini-SES mövcuddur ki, bunların da layihə gücləri 1-5 MVt arasında dəyişir.
Yəni tam aydınlıq olsun deyə bildirək ki, 9 ayda “Azərenerjinin” 1100 MVt-liq butun SES-lərində 1 mlrd 557,5 mln kVt\saat elektrik enerjisi istehsal edilib. İndi təsəvvür edin CƏMİ 13,7 MVt gücündə olan Azərbaycanın mini-SES-lərdə nə qədər elektrik enerjisi istehsal etmək olardı – təqribən 20 mln kVt\saat.
Bu baxımdan mini-SES-ləri də nəzərə alsaq, onda 9 ayda alternativ energetikanın xüsusi çəkisi Azərbaycanda 0,49% təşkil edib, yəni heç yarım faizə belə çatmayıb.
Ancaq buna baxmayaraq məmurlar ağız dolusu 4 il sonra alternativ mənbələr hesabına istehsal edilən elektrik enerjisinin xüsusi çəkisinin 20% təşkil edəcəyinə dair vədlər verməkdədirlər.
İham Şaban