“Azneft” İstehsalat Birliyinin aparıcı müəssisələrindən olan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin kollektivi hasilatın artırılması istiqamətində hazırlanmış proqramın uğurla icrasına nail olmuş, bu ilin sentyabr ayında İdarə üzrə gündəlik orta neft hasilatını ən yüksək həddə – sutkada 1000 tona çatdırılıb.
Bu haqda SOCAR-ın yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, 2010-cu ildə neft hasilatı illik 172964 ton olduğu halda, bu ilin 8 ayında hasilat 242154 ton səviyyəsində olub.
“Abşeronneft”də 2010-2016-cı illərdə orta gündəlik neft hasilatı cədvəli:
Illər | Hasilat (tonla) |
2010 | 474 |
2011 | 552 |
2012 | 555 |
2013 | 664 |
2014 | 775 |
2015 | 886 |
2016-cı il 8 ay | 1000 |
Hasilatın artmasına təsir edən başlıca amillər quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olub. Belə ki, 2011-ci ildə qazmadan 32 quyu, 2012-ci ildə 34 quyu, 2013-cü ildə 27 quyu, 2014-cü ildə 30 quyu, 2015-ci ildə 38 quyu istismara daxil edilmişdisə, bu ilin yanvar-avqust aylarında 15 quyu qazılaraq mədənçilərə təhvil verilib. Bu quyulardan 24940 ton neft alınıb.
Ümumiyyətlə, qazmadan alınan quyuların hasilatı İdarə üzrə neft hasilatının 11 faizini təşkil etmişdir.
Hasilatın rekord həddə çatdırılmasına təsir edən digər səbəblərdən biri də, İdarənin balansındakı quyu fondu üzərində aparılan texniki və geoloji tədbirlər olmuşdur. Görülmüş işlərin nəticəsidir ki, fəaliyyətsiz fonddan istismara qaytarılmış quyulardan 2012-ci ildə 168554 ton, 2013-cü ildə 204756 ton, 2014-cü ildə 236044 ton, 2015-ci ildə 272696 ton neft alınıb.
Bütün bunlarla yanaşı, 2013-cü ildən başlayaraq idarədə erlift üsulu ilə işləyən quyuların sayı surətlə artıb. Bu üsul yüksək səmərə verdiyi üçün 2012-ci ildən başlayaraq quyuların sayı 2 quyudan 2016-cı ilin 8 ayında 87 quyuya çatdırılıb. Cari ilin 8 ayında bu quyulardan 68897 ton neft hasil edilib.
İdarədə yeni texnika və texnologiyaların tətbiqinə də geniş yer verilmiş, yanvar-avqust aylarında 25 quyuda quyudibi zona turşu ilə işlənilmiş və nəticədə əlavə 510 ton neft alınıb. Tıxac təmizləyən qurğu 60 quyuda tətbiq edilmiş və bu da 290 ton əlavə neft hasilatına səbəb olub.