İyunun 28-də SOCAR-ın Baş ofisində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri hökumət təşkilatları (QHT) rəhbərlərinin iştirakı ilə “İri investisiya layihələri, maliyyə dayanıqlığı və kreditlərin idarə olunması” mövzusunda “dəyirmi masa” keçirilib.
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 3 saatdan artıq davam edən tədbirdə şirkətin vitse-prezidentləri Süleyman Qasımov, Xalik Məmmədov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Hüquq İdarəsinin rəisi Eldar Orucov ictimaiyyəti maraqlandıran məsələlər haqqında ətraflı məlumat veriblər.
Tədbirdə SOCAR-ın iri investisiya layihələri, maliyyə durumu, risklərin və kreditlərin idarə olunması üzrə fəaliyyəti ilə əlaqədar aktual problemlər geniş müzakirə olunub, səmərəli diskussiya və fikir mübadiləsi aparılıb. Görüşün keçirilməsinə görə təşəkkürlərini bildirən QHT rəhbərlərindən Sabit Bağırov, İnqilab Əhmədov, Əliməmməd Nuriyev, Məhəmməd Talıblı və İlham Şaban belə tədbirlərin vaxtaşırı keçirilməsi zərurətini və əhəmiyyətini qeyd edib, vətəndaş cəmiyyəti təsisatları ilə SOCAR-ın əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi vurğulayıblar.