Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Con Kerrinin görüşündə əsas müzakirə mövzularından biri də “Cənub Qaz Dəhlizi” layihəsi olub.

İlham Əliyev isə cavabından Amerika hökumətinə layihənin icrasına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib: “Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı, bu layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi. İşlər vaxt cədvəlinə uyğun gedir, işlər vaxtında icra olunacaq və 2-3 il ərzində ”Cənub Qaz Dəhlizi” layihəsi işlək olacaqdır”.
Cəmiyyətdə gedən müzakirələrdən biri də Amerika rəsmisi ilə Azərbaycan prezidenti arasında baş tutan bu müzakirələrin Rusiyanın qəzəbinə səbəb olacağı və Putinin Azərbaycana qarşı hər hansı sərt addım atacağı ilə bağlıdır. Bəs görəsən, bu layihənin reallaşması və son görüşdəki müzakirələr həqiqətən də şimal qonşumuzun ölkəmizlə münasibətlərində soyuqluq yarada bilərmi?
“Yeni Müsavat”a açıqlamasında qeyd etdiyimiz mövzuya toxunan politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, dövlət başçısı İlham Əliyev artıq üçüncü dəfədir ki, Azərbaycanın iri enerji layihələrinin reallaşmasına göstərdiyi dəstəyə görə Amerikaya minnətdarlıq edir: “Bundan öncə də Bakıdakı böyük toplantıda ölkə başçısı Amerikaya minnətdar olduğunu bildirmişdi. Bu həqiqətən də belədir. İlham Əliyev həm Con Kerri ilə görüşdə, həm də Bakıdakı toplantıda bir məsələnin üstündə də dayandı və xüsusilə vurğuladı ki, Amerika 90-cı illərdən bu yana həyata keçirilən enerji layihələrinə dəstək olub. Bakı-Tiflis-Ceyhan layihəsinə Amerikanın o zaman ciddi dəstəyi var idi, Rusiyadan isə təzyiqlər var idi. Amerika Azərbaycana dəstək verməsəydi, bəlkə də bu layihələr reallaşmayacaqdı. Bu layihənin əslində Amerikaya elə də aidiyyəti yoxdur. Qaz Avropaya gedir. Buna baxmayaraq, Amerika Avropanın Rusiyadan qaz asılılığının azalması üçün bu layihəyə dəstək verir, hətta amerikalı diplomatlar Avropa ölkələrində bu layihə ilə bağlı lobbiçilik fəaliyyəti aparırlar.
Bu məsələdə Rusiyanın Azərbaycana təzyiqlər edəcəyinə gəlincə, Elxan Şahinoğlu bildirdi ki, bu layihə, sadəcə, Azərbaycan qazının daşınması üçündür və hələ ki Rusiyanın bu məsələdə heç bir təzyiqi yoxdur:“Rusiya daha çox NABUCCO layihəsindən narahat idi və onun reallaşmasını istəmirdi. Onu Rusiya əleyhinə siyasi layihə adlandırırdı. Ancaq ”Cənub Qaz Dəhlizi” ilə bağlı Rusiyanın Azərbaycana elə də böyük təzyiqləri yoxdur. Bu layihə haqqında heç bir neqativ fikirlər də söyləmirlər. Burada söhbət Azərbaycan qazının Türkiyə üzərindən Avropaya daşınmasından gedir. Bu qaz ilkin məqamda o qədər də böyük həcmdə olmayacaq. İkinci tərəfdən, bu, Azərbaycanın müstəqil seçimidir. Ancaq əgər türkmən qazı da bu
layihəyə qoşularsa və Xəzərin dibi ilə bu kəmərin çəkilməsi aktuallaşarsa, o zaman Rusiyanın təzyiqləri arta bilər. İndiki məqamda isə Azərbaycan öz qazını istədiyi ölkəyə sata bilər. Rusiya buna mane olmaz. Vladimir Putin və ya digər rusiyalı rəsmilərin çıxışında da “Cənub Qaz Dəhlizi” əleyhinə fikirlərə rast gəlinmir. Bu layihənin reallaşması artıq faktdır. 2-3 ilə bu layihə tam hazır olduqdan sonra Azərbaycan qazı Türkiyəyə və Avropaya çatdırılacaq. Amerika da Azərbaycana dəstəyini davam etdirəcək. Əgər Bakı-Tiflis-Ceyhan layihəsi bütün təzyiqlərə rəğmən reallaşdısa, TAP və TANAP layihələrinin reallaşmasına da elə ciddi maneə olmayacaq”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə Rusiyanın bu məsələdə, sadəcə, seyrçi mövqeyi tutacağını və heç bir əks addım atmayacağını vurğuladı: “Hesab etmirəm ki, Azərbaycanla Amerika rəsmiləri arasında “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı müzakirələr Rusiyanın neqativ reaksiyası ilə üzləşə bilər. Bundan 10 il öncə Azərbaycan özünün infrastruktur layihələrini, həm Bakı-Tiflis-Ceyhan neft kəmərini, həm Bakı-Tiflis-Ərzurum qaz kəmərini gerçəkləşdirərkən Rusiya bu layihələrin əleyhinə çıxmamışdı. O zaman Azərbaycan nə iqtisadi, nə də siyasi qüdrətinə görə indiki Azərbaycan səviyyəsində deyildi. Rusiya ilə münasibətlərdə indiki qədər istiləşmə yox idi. Ancaq Rusiya bu layihələrin əleyhinə çıxmamışdı. İndi də Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsini reallaşdırmağa başlayıb, artıq ilkin mərhələyə qədəm qoyulub. Rusiya da artıq başa düşür ki, reallaşdırılmağa başlayan bu layihə durdurula biləcək bir layihə deyil. Bu, artıq elan edildiyi vaxtda, Türkiyəyə və Avropaya ”Şahdəniz” qazını çatdıracaq. Çünki burada həm Qərb şirkətlərinin, həm Azərbaycanın, həm də gələcək alıcıların ortaq maraqları var. Öz cənub qonşusunun qaz layihəsinin önündə əngəl yaratmaqla özünün Qərblə qarşıdurmaya gətirmək, konflikt yaratmaq heç də Kreml üçün yaxşı perspektiv vəd etmir. Rusiya artıq bunu başa düşür ki, bu layihənin reallaşmasını da 10 il bundan öncəki layihələr kimi müşahidə etməklə kifayətlənəcək”.
Nərgiz LİFTİYEVA, “Yeni Musavat”