Azərbaycan iqtisadiyyatının və vətəndaşlarının hazırki durumu, onların gələcəyi, hökumətin atmalı olduğu zəruri və çevik addımlar, ziyana qarşı mübarizə, dövlət büdcəsinin dayanıqlığı, Milli Məclisin dövlət qarşısında öhdəlikləri barədə iqtisadçı-ekspert Rövşən Ağayevlə Bakıda jurnalist Seymur Kazımov söhbətləşib:
– Fevral devalvasiyası və dekabrda manatın dəyərini bir daha itirməsindən sonra hazırda ölkə iqtisadiyyatının durumunu necə qiymətləndirisiniz?
– Ən böyük zərbə bank sektoruna oldu, çünki devalvasiya bank aktivlərinin dəyərdən düşməsi ilə müşayiət olundu. Fevral devalvasiyasına qədər Azərbaycanda bank aktivlərinin, əhalinin banklardakı depozitlərinin əsas hissəsi manatla ifadə olunurdu. Milli valyutanın üstünlük təşkil etdiyi bir dönəmdə devalvasiyanın baş verməsi həm aktivləri, həm də əhalinin sərvətlərini dəyərdən salır.
Nəzərə almaq lazımdır ki, bankların özlərinin də devalvasiyaya qədər 6 milyard dollardan çox xaricdən aldığı borcları var idi. 10 il ərzində böyük neft pullarının gəlməsi ilə manatın güclənməsi onun əsas tədiyyə, saxlanc və yığım vasitəsi kimi daha üstün hala gətirmişdi.
Belə vəziyyətdə kreditlər də avtomatik olaraq manatla verilirdi. İnsanların manata güvəni olduğuna görə, eyni zamanda manatda möhkəmlənmə prosesi getdiyinə görə, böyük neft dollarlarının “yağışı altında” manat daha da möhkəmlənirdi və 2005-2015-ci illərdə banklar bütün kreditləri manatla verirdilər.
Hətta, banklar aldıqları kreditləri də manat çevirib iqtisadiyyata buraxmışdılar. Manatın 30 faiz dəyərdən düşməsi ilə bankların xərcləri də avtomatik olaraq 30 faiz artdı. Bizim banklar xarici bazarda işləmədiklərindən əsas qazanc manatla olur, amma borcu qaytarmaq üçün manat yox, xarici valyuta gərəkir. Dekabrda manatın dəyərdən düşməsi bank sektoru üçün “edam kəndiri” oldu. Hökumətin bank sektoru üçün xüsusu bir proqramı olmasa, bankların bir xeylisinin davam gətirəcəyi böyük şübhə doğurur.
İkinci ən böyük zərbə sosial sektora dəydi. Geyim, ərzaq və avadanlıq bazarı idxaldan asılı olduğu üçün ticarət xarici valyuta ilə aparılır. Valyuta bahalaşırsa, deməli həmin məhsulların da qiymətində artım olur. Artıma baxmayaraq, insanların gəlirləri yüksəlmir, əksinə, böhranın doğurduğu səbəblər gəlirlərin və iş yerlərinin itirilməsilə nəticələnir. Çünki, bütün bunların böyük əksəriyyəti neft sektorunun gəlirləri ilə qidalanırdı.
Üçüncü ən böyük zərbə bütövlükdə maliyyə sistemimizə dəydi. Burada söhbət büdcədən gedir. Bir tərəfdən neft gəlirlərinin artdığı vaxt gəlirlər azaldı, o biri tərəfdən də xarici borcumuz da artdı. Çünki, dollar qalxırsa, deməli ödəyəcəyimiz xarici borcun manat ifadəsində da miqdarı artır. Əvvəlki məzənnə ilə 1 milyard manat qaytarmalıyıqsa, indiki halda borcumuz 1,5 milyard manat olur. Hökumətin də idxal malları hesabına həyata reallaşan sifarişləri var. Məsələn, fevral devalvasiyasınadək hər il dövlət sektorunun 2 milyard dollarlıq idxalı üçün 1.6 milyard manat xərclənirdisə dövlət büdcəsindən, dekabrda bu rəqəm artıq 3,2 milyard manat təşkil etdi.
– Hakimiyyətin böhran vəziyyətində tədbirlər planı varmı? Hökumət və dövlət başçısı iqtisadi durumun nəzarətdə olduğunu deyir.
– Bazar iqtisadiyyatı şəraitində hökumətin sərt müdaxilələrlə müşaiyət olunan nəzarətlə bağlı bəyanatları qəbul edilən hal deyil. Əslində, bazar münasibətləri şəraitində dövlətin tənzimləmə gücü işləməlidir.
Hökumət bəyanat verir ki, qiymətləri nəzarətdə saxlayırıq. Xidmət, ticarət, sahibkarlıq sektorunda dövlət tənzimlənməsi elə effektiv çalışmalıdır ki, qiymətlərə nəzarət etməyə gərək qalmasın, çünki rəqabət varsa, burada qiymət spekulyasyasına imkan olmayacaq. Məsələn, ticarətdə bu proses pərakəndə deyil, topdansatış zamanı həyata keçirilir. Bu da rəqabətsizliyin nəticəsidir. Məhsul idxalında inhisarçılıq varsa, bunun əsas günahkarı hökumətdir.
Hökumət zamanında inhisarçılığa şərait yaratmaqla, gömrükdə sahibkarları sıradan çıxarmaqla, “Azərsun”, “Gilan” kimi şirkətlərinin qarşısına istehsal və idxalla məşğul olan digər şirkətlərin çıxmasına imkan verməməklə inhisarçılığa təkan verib. Zamanında səmərəli tənzimləmə instututları qurmaq lazım idi.
İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Departamenti qanunvericiliyin tələblərinə görə, bazar payı 35 faizdən yuxarı olan təşkilatları inhisarçı kimi dövlət reyestrinə daxil edib antiinhisar qanunvericiliyində nəzərdə tutulan tənzimləmə mexanizmlərini işə salsaydı, indiki durum da olmazdı.
– Manatın dayanıqlığını təmin etmək üçün öncəlikli tədbirlər nədən ibarət olmalı idi?
– Neft ölkələrinin bazar şokları zamanı üzləşdikləri və qaçılmaz olduğu devalvasiyalar zamanı hökumətlərin davranışlarına baxmaq lazımdı. Məsələn, İndoneziya və Meksika ötən əsrin 80-90-cı illərində milli valyutalarının kəskin dəyərsizləşməsinin qarşısına iqtisadiyyatın rəqbət gücünün artırılması, bazarların xarici sərmayələr üçün açılması ilə cavab veriblər. Bizim hökumətə gəldikdə isə, hansısa plan olsaydı, bügunədək olardı.
Hökumət onsuz da, bilirdi ki, neft qiyməti düşməsə də, istehsalın azalması bizi bu şoka aparacaq. 2020-ci ildən sonra Azərbaycanda “Azəri-Çıraq-Günəşli” finişə yaxınlaşır və əsasən 2025-ci ildə bitməsinə baxmayaraq, 2018-ci ildə artıq kəskin şəkildə azalacaq və bunu kompensasiya edəcək əlavə neft yoxdur. Üstəlik, 2014-cü illə müqayisədə, 2015-ci ildə 150 milyon dollara qədər qeyri-neft ixracında azalma gözlənilir.
Dinc dövrdə plan olmayıbsa, indiki dövrdə belə bir planın mövcudluğuna şübhə edirəm. Hökumətin islahatçı komandası olmalıdır. Bu gün bizim hökumətdə səmərəli, nəticəli büdcəyə keçid anlayışını qəbul edən məmurlar ordusu yoxdursa, onlarla başqa mövzuda danışmaq çox çətindir.
Bu gün manatın dəyərsizləşməsinin səbəblərindən biri də hökumətin yanlış büdcə siyasəti olub. Dəfələrlə təklif oldundu ki, Neft Fondunun transfertlərinə limit qoyulsun. Məsələn, ötən il Fondun gəlirlərinin maksimum 20 faizi xərclənə bilərdi.
Bu halda, hökumət daha məsuliyyətli olacaqdı və havayı pul olmadığl üçün büdcəni təmin etmək üçün zəhmətə qatlaşıb işləyəcəkdi, sahibkarlığı inkişaf etdirəcəkdi. Məmurlar fikirləşirdi ki, neft pulu var və problem yoxdur.
Qeyri-neft sektorunun inkişafı dekorativ xarakter daşıyırdı. Bugünki planları da, hədə-qorxu gəlmək, iqtisadiyyatda sərt nəzarət qurmaqdır.
Məsələn, hökumətin yerinə olsam bəyanat verərəm ki, regiona qayıdış proqramı elan edirəm, insanların regiona qayıtması, orada işləməsi, iş qurması, kooperativlərin yaradılması üçün dəstək verəcəyəm və s. Azərbaycanda dövlət torpaqlarının 30 faizi kəndlinin əlində, 70 faizi isə dövlət və bələdiyyələrdə cəmləşib. Bu torpaqlar zamanında oliqarxiyanın əlinə keçib və səmərəsiz istifadə olunub.
Manatın xilas olunması üçün plan iki cür ola bilər- ixracın stimullaşdırılması və gizli idxal əvəzləyən istehsal güclənməlidir. Xarici investorların da ölkəyə gəliş imkanları yaradılmalıdır. Onlar əmin olmalıdır ki, ölkədə azad, sərbəst rəqabət sistemi var. Kompleks məsələlər həllini tapmalıdır.
Hökumət ümid edir ki, neftin qiymətinin düşməsi siyasi oyundur, Rusiya ilə Qərb arasında münasibətlər düzələcək və neftin qiyməti yenidən artacaq. Bir məqam deyim. Bizim hökumət deyir ki, mənə elə bir sehrli çubuq verin ki, köklü islahatlar aparmayım, işini bacarmayan bir ranqlı məmuru yerindən tərpətməyim, amma manatı və iqtisadiyyatı indiki ağır durumdan xilas edim. İqtisadiyyat belə yanaşmalarla idarə oluna bilməz.
– Azərbaycan Parlamentinin böhran dövründəki fəaliyyətini necə qiymətləndirmək olar?
– Bizdə son illər Parlamentin fəaliyyətinin keyfiyyəti yaxşılaşmaq əvəzinə pisləşib. 90-ci illərdə də indiki kimi böhran dövrü idi. Amma o zaman bir üstünlük vardı ki, Parlament daha sərbəst idi və gündəlik iqtisadi proseslər müzakirə olunurdu. Xeyli sayda deputat vardı ki, xalqın, iqtisadiyyatın problemlərini səsləndirirdilər.
Zaman keçdikcə, Parlamentdə müstəqil danışan, problemləri qaldıran insanların sayı azaldı, sonda isə demək olar ki, yox oldu. Parlamentin müstəqil danışmaq imkanı yoxdursa, onun keyfiyyətli qanunlar qəbul etmək imkanları da məhduddur. Üstəgəl, seçim meyarları da dəyişdi.
Mən Parlamentə təkcə qanun qəbul edən struktur kimi baxmıram. Həm də beyin mərkəzi kimi baxıram. Xüsusən, böhran dövründə onun beyin mərkəzi kimi funksiyaları artmalıdır.
Orda olan çıxışlar hökumət üçün yol xəritəsi olmalıdır. İndiki Parlamentin keyfiyyət tərkibi həm peşəkarlıq, həm də müstəqillik baxımından böhran dövrünün tələblərinə cavab vermir.
– Dövlət başçısı çıxışlarında qeyri-neft sektorunun inkişaf etdiyini deyir, siz ölkənin qeyri neft sektorunu etibarlı hesab edirsinizmi?
– Qeyri-neft sektoru inkişaf edir deyərkən, bunun meyarlarını ortaya qoymaq lazımdır. Sektor ixrac qabiliyyətli məhsul istehsal etmirsə, burada hansısa inkişafdan söhbət gedə bilməz. Biz, Dövlət Statistika Komitəsini etibarlı saymırıq. Hesab edirik ki, bu statistika güvənli məlumat vermir.
Amma hətta bu statistika da deyir ki, Azərbaycanın istehsal etdiyi yağın 50 faizi, bitki yağlarının 85 faizi, şəkər xammalının 95 faizi, makaron və un məmulatlarının 50 faizi, şirniyyat məhsullarının da 50 fazi xaricdən gətirilir.
Qeyri-ərzaq sektorunda isə bu rəqəm daha çoxdur. Bizim gündəlik istifadə etdiyimiz gigiyenik əşyalardan tutmuş, avtomobilə qədər hamısını idxal edirik.
O baxımdan, sual oluna bilər ki, qeyri-neft sektoru böhran dövründə tələbatlarımızı nə qədər ödəyir? “Azərsun” Azərbaycan qida bazarının lidelərindən biridir. Rəhbərlik fevral ayında etiraf etdi ki, məhsulların 50 faizi xaricdən gətirilir.
Qeyri-neft sektorunun ixracının qeyri-neft ÜDM-də payı 5-6 faizi ötmür. Halbuki yüksək rəqbət qabiliyyətli bəzi iqtisadiyyatlarda həmin göstərici hətta 70-75 faizə çatır.
– Manatın üzməyə buraxılması və neftin qiymətinin düşməsindən sonra büdcəyə qənaət rejiminə keçildiyi deyilir. Bu, nə dərəcədə effektiv mübarizə üsuludur?
Qənaət budur ki, hökumət vəsaitlərin səmərəli istifadə yollarını seçir və elan edir ki, zəruri olmayan layihələrdən imtina edirik. Əhəmiyyət kəsb etməyən, amma yüksək məbləğ tələb edən tədbir və ad günü məraismlərindən imtina etmək lazımdır. Hökumət hazırda səmərəlilik deyil, büdcəni məcburi ixtisar etməklə məşğuldur.
Amma əmək haqqını kəsmək qənaət deyil. Qənaət edən hökumət nəticəli büdcəyə keçməlidir. Yəni, hər bir struktur sərf olunacaq vəsaitin hesabatını və ondan cəmiyyətin əldə etdiyi səmərəni Parlament qarşısında öncədən verməlidir.
– Sadə vətəndaşın durumu necə olacaq- əmək haqları az olan, banka kredit borcları olan insanlar üçün çıxış yolu varmı?
– Ən çox zərbə alan sosial sektor oldu. Bizim yaşayış minimumu 136 manat məbləğində təsdiqlənmişdi, bu köhnə məzənnə ilə 120 dollardan bir qədər çox idi.
Son hadisələrdən sonra bu rəqəm 80 dollara qədər düşüb. İdxalın bahalaşdığı vaxt bir insan bu qədər pulla necə yaşaya bilər?
Hökumət bu halda həm büdcə vasitəsilə, həm də bank sektoru vasitəsilə yenidən məşğulluğun stimullaşdırılması yolları üzərində fikirləşməli, sahibkarlığa geniş meydan verməlidir.
Hökumət xarici investisiyaların təcili şəkildə ölkəyə gəlməsinə şərait yaratmalıdır ki, bu da yeni iş yerlərinin yaranmasına səbəb ola bilər.
– Sadə vətəndaş nə üçün böhranın bədəllərini ödəməlidir – nədir onun günahı?
– Azərbaycanda ədalətli Prezident, Parlament və bələdiyyə seçkləri keçirilmiş olsaydı, daha keyfiyyətli məmur heyətinin seçilməsi ilə nəticələnsəydi, iqtisadiyyat bu qədər ağır vəziyyətlə üzləşməzdi və vətəndaş da bədəl ödəməzdi.
Biz iqtisadiyyatda hazırda olan böhrana görə deyil, bu böhrana səbəb olan siyasi sistemin formalaşmasına qarşı fəal vətəndaş öhdəliklərimizi yerinə yetriməməyin bədəlini ödəyirik.
– Azərbaycana neftdən başqa pul gətirən hansı məhsullar var?
– Bu il 1,7 milyard dollar ixracdan gözlənilir. Neftdənkənar əsas ixracımız kənd təsərrüfatı, kimya sektoru və metallurgiya sənayesinin məhsullarıdır.
Məhsulları saymasaq, ölkəyə ən böyük valyuta işçi qüvvəsi ixracından gəlir.
Böhrana qədər təkcə Rusiyada çalışan insanlarımız ölkəyə rəsmi və qeyri-rəsmi kanallarla 3 milyard dollardan çox vəsait göndərirdi. İndi bu rəqəm 2 milyard dollar ətrafındadı.
– Böhranın qurbanları və qazananları kimdir?
– Burada qurban dövlətimizdir, iqtisadiyyatımızdır. Hökumət də özünü səmimi şəkildə bu cəmiyyətin əsas qüvvəsi sayırsa, o da qurbandır.
Biz müharibə şəraitində olan ölkəyik. Bu iqtisadi böhran həm də böyük təhlükəsizlik məsələsidir. Hər an müharibə ola bilər və bu cür imkanlar və büdcə məhdudiyyəti şəraitində müharibə aparmaq ağır olur, necə ki, biz bunu 90-cı illərdə gördük.
Fərdi götürsək, ən böyük qurban yoxsul təbəqədir. Bu təbəqə normal səhiyyə xidmətlərindən istifadə edə bilmir, təhsil almaq imkanları da o qədər də yüksək deyil və onların gündəlik çörək pulu tapması belə problemə çevrilir. Bu cür fəlakətli böhrandan yalnız spekulyantlar qazana bilər.
Amma başda hökumət olmaqla biz cəmiyyətə olaraq böhranın məsuliyyətini tam dərk edib “resurs lənəti”ndən xilas olmağa qərar versək, şəffaf və səmərəli siyasi sistemin qurulmasını təmin edə bilsək, sonda qurbandan qazanan tərəfə çevrilə bilərik.
– Böhrandan çıxmaq üçün nə etmək lazımdır?
– Əsas çıxış yolu hökumətin cəmiyyətə açılımıdır. Baxmayaraq ki, problemlər iqtisadidir, amma bunların həll yolları siyasidir.
Ən radikal yol kimi yaxın zamanlarda Azərbaycanda növbədənkənar Parlament seçkisinin keçirilməsini, əksmərkəzləşmə strategiyasının bəyan edilərək yerli idarəetmədə islahatlara start verilməsini əsas çıxış yolu hesab edirəm.
BBC Azərbaycanca