“SOCAR Cape” birgə müəssisəsi (BM) Azərbaycanda offşor və onşor fəaliyyət çərçivəsində texniki xidmət göstərilməsi üçün “BP-Azerbaijan” şirkəti ilə bağlanmış müqavilənin müddətini uzadıb. Bu barədə BM-in məlumatında bildirilir.
Müqavilənin dəyəri $90 mln.-dan çoxdur və iki il müddətinə uzadılıb.
“Biz müqavilənin müddətinin uzadılmasını elan etməkdən məmnunuq. Bu, BP şirkətinin müəssisəmiz tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə və effektivliyinə əminliyini nümayiş etdirir”, – deyə icraçı direktor Sare Co Outli bildirib.
Onun sözlərinə görə, “SOCAR Cape” yüksək keyfiyyətli servis xidmətləri göstərməyi qarşısına məqsəd qoyub.
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və Britaniya-Sinqapur sevis şirkəti “Cape plc” arasında BM yaratmaq barədə razılaşma 2010-cu ildə əldə edilib. BM-in səhmlərinin 51%-i SOCAR-a, 49%-i “Cape plc” şirkətinə məxsusdur. Müəssisənin fəaliyyət sahəsinə taxtabənd konstruksiyaların montaj/demontajı və icarəyə verilməsi, bütün növ izolyasiya işlərinin görülməsi və s. daxildir.