Noyabrın 26-da Gürcüstanda fəaliyyət göstərən şirkətlərin biznes reytinqi üzrə 16-cı ənənəvi mükafatlandırılma mərasimi keçirilmişdir.Tbilisi meriyasının, Gürcüstanın iqtisadiyyat, maliyyə, energetika nazirliklərinin və digər hökumət təşkilatlarının dəstəyi, “Georgian Times” media holdinqinin və “Gorbi” ictimai rəy və marketinq tədqiqatları şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas sponsorlarından biri SOCAR Energy Georgia şirkəti olmuşdur. Mərasimdə hökumət və işgüzar dairələrin nümayəndələri, yerli və xarici jurnalistlər iştirak etmişlər. SOCAR Energy Georgia eyni zamanda qaliblər sırasında – reytinq cədvəlinin ilk onluğunda yer almışdır. Şirkət ən böyük vergi ödəyicisi, ən böyük işverən, yüksək keyfiyyət standartı, effektiv menecment nominasiyalarında qalib gəlmişdir.
Gürcüstanda fəaliyyət göstərən şirkətlər arasında ilk biznes reytinqi 1995-ci ildə tərtib olunmuşdur. Layihənin məqsədi milli biznesin ən uğurlu istiqamətlərini müəyyənləşdirilməsi, biznes, hökumət və ictimaiyyət arasında dialoqun dəstəklənməsi, Gürcüstan biznesinin yeni imicinin formalaşdırılması, perspektiv şirkətlərin üzə çıxarılması, beynəlxalq biznesin diqqətinin Gürcüstana cəlb olunmasıdır. Layihəyə əsasən, Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidməti ölkə büdcəsinə 1 milyard lari və daha çox vəsait köçürən şirkətlərin siyahısını “Georgian Times” və “Gorbi”yə təqdim edir. Ekspertlər, iqtisadi mövzularda yazan jurnalistlər, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri 60 ən uğurlu şirkəti müəyyənləşdirir, onların arasından seçilən 30 şirkətdən biri qalib elan olunur və qran-pri ilə mükafatlandırılır. Digər şirkətlər müxtəlif nominasiyalarda diplomlarla təltif olunurlar. Nüfuzlu münsiflər heyəti şirkətləri istehsalçıların maraqlarının müdafiəsi, ictimai imic, effektiv menecment və marketinq, peşəkar komanda, investisiya cəlbediciliyi, xeyriyyəçilik, yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin açılması, sabitlik, artım və digər meyarlar üzrə qiymətləndirir.
SOCAR mətbuat xidməti