Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Trans-Anadolu” əsas qaz ixrac boru kəmərinin (TANAP) tikintisi ilə bağlı iki əlavə sənədi təsdiq edib.
“APA-Economics” Türkiyənin “Resmi Gazete”sinə istinadən xəbər verir ki, sözügedən sənədlər Türkiyə hökuməti ilə TANAP konsorsiumu arasında bu ilin mayın 26-da imzalanan memorandumlara aiddir.
Belə ki, ilkin razılaşmaya görə, TANAP boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağındakı çıxarılan qaz illik 16 mlrd. kubmetr olaraq Türkiyə ərazisindən Avropa sərhədlərinə qədər çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetr həcmi Türkiyənin istifadəsinə veriləcək. Qalan 10 mlrd. kubmetr qaz isə Avropaya nəql olunacaq. Həmçinin gələcəkdə kəmərin ötürmə gücünü 31 mlrd. kubmetrə qədər genişləndirilə bilər.
Qeyd edək ki, TANAP boru kəmərinin 2018-ci ildən istifadəyə verilməsi nəzərdə tutulub.