Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi çərçivəsində indiyədək ümumi dəyəri 9,5 milyard dollar olan müqavilələr bağlanıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib.
BP şirkəti “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin operatorudur.
Onun sözlərinə görə, təkcə bu il “Şahdəniz-2” layihəsi çərçivəsində 4,5 milyard dollar xərclənib və bu vəsaitin böyük hissəsi Azərbaycandakı müqavilələrin payına düşür.
Birrell əlavə edib ki, “Şahdəniz”in işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına 2018-ci ildə başlamaq planlaşdırılır:
“Biz bunun üzərində işləyirik. Tikinti işləri 5 il ərzində həyata keçiriləcək və biz bu işləri vaxtında və uğurla başa çatdıracağıq”, – deyə BP rəsmisi bildirib.