Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BP arasında insan resurslarının inkişafı sahəsində iki sənədin imzalanmasında əsas məqsəd Azərbaycanın əmək bazarının qorunmasıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib.
Onun sözlərinə görə, mövcud əməkdaşlığın məqsədi milli kadrların işə cəlb edilməsidir, yəni işə qəbul zamanı Azərbaycanın əmək bazarındakı mütəxəssislərə üstünlük veriləcək: “Bu o deməkdir ki, BP şirkətində hər hansı mütəxəssisin yeri boş qalarsa və Azərbaycanda həmin mütəxəssis olarsa, onun xaricdən cəlb edilməsinə şərait yaradılmamalıdır”.
Lakin X.Məmmədov qeyd edib ki, kadrların milliləşdirilməsi prosesi istehsalat prosesinə zərər vurmamalıdır: “Xarici mütəxəssis BP-nin əməliyyatçılığı ilə aparılan layihələrdə iş üçün yalnız onun Azərbaycanın əmək bazarında yoxluğu halında cəlb edilə bilər”.
O, əlavə edib ki, xarici mütəxəssisin işləməsi üçün icazə BP-nin müvafiq sahədə yerli mütəxəssislərin hazırlıq qrafikinin təqdim edilməsi halında alına bilər.
* Bu gün SOCAR və BP Qobustan Regional Tədris Mərkəzində yerli işçi qüvvəsinin tədrisi sahəsində əməkdaşlıq haqqında saziş və işə uyğunlaşdırılmış qəbul və təyinat prosesi üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.