Bu gün Xəzər dənizində gələcəkdə qarşılıqlı fəaliyyətin vacib məsələləri üzrə çox səmərəli iş, açıq və dostcasına dialoq aparıldı. Trend-in “Rossiya 24” telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammitinin yekunu üzrə mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib: “Vladimir Vladimiroviç bizim bu gün müzakirə və həll etdiyimiz əsas məsələləri artıq qeyd etdi və buna görə də artıq təkrarlamaq istəmirəm. Hesab edirəm ki, uğurlarımızın əsasını xalqlarımız arasında tarixən yaranan sıx qarşılıqlı fəaliyyət təşkil edir.
Azərbaycanın bütün Xəzəryanı ölkələrlə sıx, qarşılıqlı faydalı, dost, tərəfdaşlıq əlaqələri mövcuddur. Xalqlarımızı tarix birləşdirir və böyük dəyər ondadır ki, qarşılıqlı fəaliyyət ənənələrini, dəstəyi və mehriban qonşuluğu qoruduq və hazırda bunları genişləndiririk”.
Prezidentin sözlərinə görə, 2010-cu ildə Bakıda keçirilmiş sammitdən sonrakı illərdə faydalı şəkildə iş görülüb: “Həştərxan sammitində əldə edilən razılaşmalar çox ciddi, səmimi işin nəticəsidir. Çünki ümumi siyasi iradəmizi ortaya qoymasaydıq, nail olduğumuza çatmağımız çətin olacaqdı”.
İlham Əliyevin sözlərinə görə, bu gün qəbul edilən qərarları bir neçə istiqamətdə irəliyə atılan vacib addım kimi qiymətləndirmək olar: “Bu qərarlar, həmçinin Xəzərdə qarşılıqlı fəaliyyətimizlə bağlı bütün məsələləri həll edəcəyimizə dair bizə böyük əminlik verir”.
Azərbaycan Prezidenti qeyd edib ki, Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin müxtəlif mərhələlərində bu fəaliyyətin başlıca məsələlərin nizamlanması üzrə konsensusa çatmağın nə qədər real olmasına dair müxtəlif qiymətləndirmələr mövcud olub: “Həştərxan sammitinin yekunu üzrə müzakirələr, həllər və imzalanmış sənədlər Xəzəryanı ölkələrin siyasi iradənin olduğu təqdirdə bütün qarşılıqlı fəaliyyət məsələlərini həll edə biləcəyini açıq-aydın göstərir”.
İlham Əliyev vurğulayıb ki, Xəzərdə təhlükəsizliyin təminatı ikitərəfli və çoxtərəfli formatda tərəfdaşlıqdır: “Azərbaycana Xəzər dənizi üzrə qonşularının bir-biri ilə yaxşı tərəfdaş olmaları və bir-birilərini dəstəkləmələri çox xoşdur. Xəzəryanı ölkələr beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Bu müsbət tendensiyalar davam etdirilməlidir və mütləq davam etdiriləcək”.
Dövlət başçısı deyib: “Xəzər bizim ümumi sərvətimizdir, biz onu qoruyuruq. Daha da yaxşı qorumalıyıq. Bunu konkret addımlarımızla, o cümlədən infrastruktur layihələr və investisiyalarla etməliyik, ölkələrimiz üçün yeni imkanlar yaratmalıyıq. Ölkələrimizin üstünlüyü təkcə öz aramızda dostluq etməyimizdə və bir-birimizə səmimi yanaşmağımızda deyil. Bizim üstünlüyümüz həm də ondadır ki, biz iqtisadi baxımdan özümüzü təmin edən ölkələrik.
Ölkələrimizdə ciddi maliyyə problemləri yoxdur, biz infrastruktura iri həcmdə investisiyalar yatıra bilərik və bunu edirik. Vladimir Vladimiroviç gələcəkdə nəqliyyat infrastrukturunun zəruriliyini qeyd etdi və mən öz çıxışımda Azərbaycanda görülən işləri xüsusilə vurğuladım”.
Prezidentin sözlərinə görə, növbəti mərhələdə Xəzəryanı ölkələrin nəqliyyat işçilərinin fəaliyyətinin əlaqələndirilməsi məsələsini, o cümlədən yaradılan və artıq yaradılmış limanların fəaliyyətinin əlaqələndirilməsini nəzərdən keçirmək lazımdır: “Bu bütün istiqamətlər, çox perspektivli Şimal-Cənub istiqaməti və Şərq-Qərb istiqaməti üzrə fasiləsiz daşınmanı təmin etməyə imkan verəcək. Azərbaycan hər iki layihədə iştirak edir. Biz belə qarşılıqlı fəaliyyətdə yalnız mənfəət və fayda görürük”.
İlham Əliyev vurğulayıb ki, Xəzərdə təhlükəsizlik məsələləri əlbəttə ki, xüsusi diqqət tələb edir: “Deməliyəm ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsi və etimad nəzərə alınmaqla hər bir Xəzəryanı ölkə eyni zamanda öz təhlükəsizliyini və qonşusunun təhlükəsizliyini təmin edir. Azərbaycan Həştərxanda əldə olunmuş sənədlərdən, razılaşmalardan məmnundur”.
Sonda dövlət başçısı ümid etdiyini bildirib ki, növbəti sammitdə hələ öz həllini tapmamış məsələlər həll olunacaq.