2013-cü ilin nəticələrinə əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil edilmiş 32.7 milyon ton neftin 22.3 milyon tonu Azərbaycanın payına mənfəət şəklində düşüb. Bu barədə “Xəzər Şelfi” beynəlxalq konfransında Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə başlanmasından indiyədək 345 milyon ton neft və 100 milyard kubmetr səmt qazı hasil edilib.
“Sentyabrın 1-nə olan məlumata əsasən, yataqlar blokundan çıxarılan neftdən Azərbaycanın mənfəət nefti 185 milyon ton təşkil edib” – deyə SOCAR-ın birinci vitse-prezidenti bildirib.
AÇG çərçivəsində mənfəət neftinin ilk partiyasını Azərbaycan 1999-cu ilin dekabrında əldə etmişdi.
AÇG-də hasilat dövründə orta sutkalıq karbohidrogen hasilatı 90 min ton neft və 35 milyon kubmetr qaz təşkil edib.
AÇG üzrə müqavilə 1994-cü ildə imzalanıb. Müqavilənin müddəti – 30 ildir. SOCAR-a görə, blokunun təsdiq edilmiş neft ehtiyatları 923 milyon tondur.
Layihənin iştirakçıları: BP (operator) – 35,78%, Chevron – 11,27%, Inpex – 10,96%, ARDNŞ – 11,65%, Statoil – 8,56%, Exxon Mobil – 8%, TPAO – 6,75%, Itocu – 4,3% və ONGC – 2,72%.