“Rosneft” və “Lukoil” Xəzərin Rusiya sektorunda yerləşən “Rıbaçiya” strukturunda 1 nömrəli kəşfiyyat və qiymətləndirmə quyusunun inşasına başlayıblar. Layihənin operatoru “Xəzər Neft Şirkətidir”. Qazmanın layihə dərinliyi 1650 metrdir. Qazmanın məqsədi strukturun geoloji quruluşunu öyrənmək və neft-qaz laylarının müəyyən edilməsidir.
Layihənin iştirakçıları Xəzər dənizində dəniz quyularının kəşfiyyatı və işlənməsi zamanı yüksək ekoloji və sənaye təhlükəsizliyi tələblərinə diqqət edirlər.
“Rosneft” 2007-ci ildə Xəzərin Rusiya sektorunda yerləşən Şimali Xəzər lisenziya sahəsinin sahibi olan Xəzər neft şirkətində pay əldə etmişdi. Layihənin operatoru olan Xəzər neft şirkətinin təsisçiləri “Rosneft” (49,892 %),”Lukoil” (49,892 %) və “Qazprom” şirkətidir (0,216 %).
Şimali Xəzər sahəsində 10-dan çox perspektivli struktur müəyyənləşdirilib. Perspektiv resurslar 260 milyon ton (1.9 milyard barel) neft və 55 milyard kub metr qaz həcmində qiymətləndirilir.
Rıbaçiya strukturunda quyunun inşası “Astra” üzən qazma qurğusu vasitəsilə aparılır.