Martın 25-də Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən növbəti konfransda Avropa İttifaqının (Aİ) Türkmənistanda akreditə edilmiş müvəqqəti işlər üzrə müvəkkili Denis Danilidis (Denis Daniilidis) bir sıra maraqlı faktlar açıqlayıb.
Aİ rəsmisi bildirib ki, Türkmənistanda qüvvədə olan normativ-hüquqi sistem ölkədən qaz ixrac imkanlarını çətinləşdirir. Belə ki, Türkmənistanın qüvvədə olan Enerji Qanunu ölkənin quru ərazisində “Hasilatın Pay Bölgüsü Sazi.i” (HPBS) müqavilələrinin imzalanmasına icazə vermir. HPBS müqavilələri olmadan isə Türkmənistanda ixrac üçün qaz istehsalı rəqabətqabiliyyətli olmayacaqdır. Çünki heç bir xarici enerji şirkəti HPBS müqaviləsi imzalanmadan ixrac infrastrukturu tikməyə risk etməyəcəkdir. Digər tərəfdən də uzunmüddətli və böyükhəcmli (25-30 mlrd m3) qaz alqı-satqı müqaviləsi imzalanmadan Türkmənistanın istənilən HPBS müqaviləsinə razılıq verməsi mümkün olmayacaqdır. Bu cür müqavilə öhdəliyi isə regionda mövcud infrastruktur və qaza tələbat reallığında ağlabatan deyil.
Təbii ki, Türkmənistanın Xəzər dənizində yerləşən qaz yatağında HPBS müqaviləsi əsasında hal-hazırda qaz istehsal edilir. Lakin sözügedən yataqda istehsal həcmi cəmi 5 mlrd kubmetrdir. Avropaya bu qədər kiçikhəcmli qaz ixracı üçün isə Türkmənistan təbii ki, Rusiya və İranla münasibətlərini korlamaq fikrində deyil.