* Aİ-dən Ukraynaya geriyə axının həcmi çox güman ki, 10 milyard kubmetrdən aşağı olacaq.
* Rusiya Ukraynanın qaz tələbatının yarıdan çoxunu təmin edir.
* Avropanın ehtiyatı Ukraynanın tələbatını ödəməyə bilər.
“Rusiya qərb qonşusuna təchizatı dayandırarsa, Aİ-dən Ukraynaya təcili qaz emalı tələbatı ödəməyə bilər, çünki Aİ ilə Ukrayna arasında tutum çox kiçikdir”, – martın 6-da analitiklər bildiriblər.
“Reuters” agentliyinin məlumatına görə, ötən il Ukrayna Rusiyadan təqribən 28 milyard kubmetr təbii qaz idxal edib. Qeyd edək ki, Rusiya keçmiş Sovet Respublikası üzərində öz təsirini bərpa etmək istəyir və Aİ-nin Moskvanın hökmranlığını məhdudlaşdırmaq üçün etdiyi cəhdləri rədd edir.
Rusiya ilə ildə 50 milyard kubmetrdən çox qaz istifadə edən Ukrayna arasındakı mübahisələr əvvəllər də Aİ-yə qaz nəqlinin dayandırılmasına gətirib çıxarmışdı. Buna misal olaraq, 2009-cu ildə cənub-şərqi Avropada minlərlə insanın qışı soyuqda keçirməyə məcbur qalmasını göstərmək olar.
İndiyədək Aİ-nin qaz ehtiyacının təxminən 30%-ni ödəyən və qazın bir hissəsini Ukrayna vasitəsilə nəql edən Rusiyanın “Qazprom”u rus qoşunlarının faktiki olaraq Krımı ələ keçirdiyi böhran ərzində Ukraynaya təchizatı dayandırmayıb.
Lakin Aİ təchizatın dayandırılması ehtimalını nəzərə alaraq, Ukraynaya öz ehtiyat resurslarından qaz nəql etməyi planlaşdırır.
“Ukrayna bir neçə ay bəs edəcək qədər qaz ehtiyatına malikdir. Həmçinin, əlavə təchizat üçün qonşulara da müraciət edə bilər. Bu, Polşa və Slovakiya vasitəsilə Almaniya və Macarıstandan ildə 10 milyard kubmetr nəql edə biləcək boru kəmərlərilə geriyə axın vasitəsilə mümkündür”, – Avrasiya qrupu bu həftə hesabatında bildirib.
Bir çox başqa analitiklər hesab edirlər ki, Aİ-dən Ukraynaya qaz ötürülməsi üçün mövcud imkan 10 milyard kubmetrdən aşağıdır. Avrasiya qrupu xəbərdarlıq edib ki, Ukrayna böyük ehtimalla daha az qaz əldə edəcək.
“Əgər Avropaya qaz təchizatı artıq davam edən münaqişə tərəfindən zədələnibsə, Ukrayna qonşularının bu müvəqqəti təchizatı təmin etməyə getdikcə daha könülsüz yanaşdığını müşahidə edə bilər”, – əlavə edib.
Kifayət qədər qaz yoxdur?
Aİ-nin əsas planlarından biri Rusiya qaz nəqlini dayandırdığı təqdirdə, Ukraynaya qaz emalı üçün geriyə axın tətbiq etməkdir. Lakin hazırda mövcud imkanlar məhduddur.
Ukrayna 2012-ci ildə Polşa və Macarıstandan geriyə axın vasitəsilə qaz idxal etməyə başlamışdı. Lakin analitiklərin fikrincə, indiyədək illik miqdar yalnız 2 milyard kubmetrə bərabər olub.
“Wood Mackenzie” konsaltinq qrupu Polşanın Ukraynaya 1,5, Macarıstanın isə 3,5 milyard kubmetr göndərmək imkanına malik olduğunu düşünür. Rumıniyanın 1,8 milyard kubmetr ötürmək potensialı var. Lakin bundan istifadə etmək üçün heç bir razılaşmanın olmadığı bildirilir.
Aİ-dən Ukraynaya nəql üçün qapı rolunu oynayan Slovakiya vasitəsilə qaz nəqli daha səmərəli olardı. Slovakiyanın 20 milyard kubmetrdən çox ötürmə potensialı var.
Problem ondadır ki, Avropadan Ukraynaya bu cür axınlar üçün qazın ötürüldüyü ölkələrlə müqavilələr bağlanması tələb olunur.
Danışıqlar aparılsa da, hələ ki heç bir razılıq əldə edilməyib. Lakin Avropa Komissiyası ilə əlaqəli mənbələr bildiriblər ki, Komissiya geriyə axın barədə razılaşmaların tezliklə əldə edilməsinə çalışır.
Mənbələrdən birinin məlumatına görə, bütün bu cəhdlərə rəğmən, Slovakiyadan Ukraynaya qaz axını üçün hələ altı ay vaxt lazımdır. Bu isə hər an baş verə biləcək kəsilmənin həlli üçün olduqca gecdir və bu keçid ilkin mərkələdə ildə cəmi 6 milyard kubmetr ötürə bilər.
Real problemlə Ukrayna deyil, Avropanın özü üzləşə bilər. “Wood Mackenzie”nin hesablamalarına görə, 2014-cü ildə Avropa 160 milyard kubmetrdən çox Rusiya qazına ehtiyac duyacaq.
Rusiyanın kifayət qədər qazı var və Ukraynadan Yamal-Avropaya, həmçinin Almaniyanı təchiz edən Şimal axını boru kəmərlərinə də nəql edə bilər. Lakin konsaltinq bildirib ki, bütün bu alternativ variantlar baş tutsa belə, Avropanın hələ də Ukrayna vasitəsilə 30 milyard kubmetr qaza ehtiyacı olacaq.
“Moskva Ukraynaya qarşı sanksiyalar tətbiq etməkdən çəkinmir. Son bir neçə gündə bu, tamamilə aydın oldu”, – alman konsaltinq qrupu “Ispex” belə deyib. “İndi sual odur ki, Moskva Ukraynaya qaz nəqlini dayandırarsa, Qərbi Avropaya qaz təchizatının aqibəti necə olacaq.”