“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 760 saylı stasionar dəniz özülü layihələndirilir.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı “Neftqaztikinti” Trestidir.10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 9-9,5 metr dərinliyində yerləşdiriləcək.
Quyuların hər birindən sutkada 50 ton neft hasil ediləcəyi nəzərdə tutulur. 8 bloklu özüldə ən müasir qazma avadanlığı, 36 nəfərlik vaqon tipli yaşayış evləri, sərnişin və yük meydançaları, hər birinin yükqaldırma qabiliyyəti 30 ton olan iki ədəd qaldırıcı kran, yanğından mühafizə sistemi, biloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlar quraşdırılacaqdır.
Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 3 ədəd dizel elektrik generatoru yerləşdiriləcəkdir. İnşaat və istismar müddətində özüldə ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcəkdir.