BP şirkəti (“Şahdəniz” qaz-kondensat yatağının texniki operatoru) fevralın 7-də günün ikinci yarısında Səngəçal terminalında baş vermiş problem nəticəsində Cənubi Qafqaz qaz kəməri ilə nəqli azaldılan qazın normal ixracına başlayıb. Bu barədə bazar ertəsi Trend-ə BP-dən deyiblər.
Hazırda Türkiyəyə 18,3 milyon, Gürcüstana 2,5 milyon, Azərbaycana isə 5,4 milyon kubmetr qaz ixrac olunur.
BP şirkəti hazırda Şahdənizin “Mərhələ-1” layihəsi çərçivəsində gündəlik 26-27 mln kub metr qaz hasil edir. Hazırda hasilat 5 quyuda aparılır. Bundan əlavə gündəlik 55 min barelədək kondensat da çıxarılır ki, o da Bakı-Tbilisi-Ceyhan boru xətti ilə ixrac edilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Cənubi Qafqaz qaz kəməri ilə 2012-ci ildəki dörd milyard kubmetrə qarşı 4,7 milyard kubmetr qaz ixrac olunub.