Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üçün 1995-ci ilin yanvarında yaradılmış konsorsium) 7 noyabr 1997-ci ildə “Çıraq” yatağında dənizin 140 metr dərinliyində quraşdırılmış “Çıraq-1” platformasından neft hasilatına başladığını elan elan etmişdi.
Caspian Barrel-in SOCAR və “BP-Azerbaijan” şirkətlərindən əldə etdiyi məlumatlara görə, o zamandan 1 noyabr 2013-cü il tarixinə qədər “Çıraq” yatağından artıq 84 milyon ton neft hasil edilib və hasil edilən neftin də 66 milyon tonundan çoxu dünya bazarlarına Bakı-Supsa boru kəməri ilə çıxarılıb.
Ümumilikdə isə “Azəri-Çıraq-Günəşli” yataqlarından bu dövrdə 320 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb ki, bunun da 165 milyon tonundan artığı Azərbaycanın payına mənfəət şəklində verilib (dəyər ifadəsində Neft Fonduna $91 mlrd. şəklində daxil olub, Azərbaycan ilk mənfəət neftini 1999-cu ilin dekabrında almağa başlayıb).
“BP-Azerbaijan” şirkətinin mütəxəssisləri hesab edirlər ki, AÇG müqaviləsi başa çatanadək (2024-cü ilin sonu və ola bilsin daha 5 il müddətinə uzadilsin) müqavilə sahəsindən 730 milyon tonadək neft hasil etmək mümkün olacaq. Azərbaycan mütəxəssislərinin fikrincə isə, AÇG-nin ehtiyatları 923 milyon tondur.
2012-ci ilin yekunlarına görə, AÇG-də hasilat 32,9 milyon ton olmuşdu. Müqavilə sahəsində neft hasilatının pik dövrü 2010-cu ildə qeydə alınıb – 40,6 milyon ton.