Ancaq Bakıda heç kəs bu hadisəni yada salmaq istəməyib
Rusiyanın “RİA-Novosti” dövlət agentliyi “Gazprom” şirkətinə istinadən bu gün məlumat yayıb ki, Rusiya qaz monopoliyası Azərbaycana təbii qaz tədarük etməyə başlayıb. Hazırda tədarüklərin orta sutkalıq həcmi təqribən 6 milyon kubmetr təşkil edir.
Ancaq məlumatda qeyd olunur ki, 1az tədarükünə sentyabrın 29-da başlanıb. Maraqlı fakt budur ki, Azərbaycana qaz ixracına başlanması ilə bağlı nə “Gazprom”un saytında, nə də sentyabrın 11-də Bakıda Azərbaycan metanol zavodu AzMeco ilə qaz alqı-satqısına dair müqavilə imzalayan “Gazprom Export” şirkətinin saytında indiyə qədər bu haqda heç bir məlumat yoxdur.
“RİA-Novosti” isə Azərbaycan tərəfi ilə sentyabr ayında bağlanmış müqavilənin detallarını açıqlayır: müqavilənin müddəti 5 ildir və tərəflərin razılığı ilə sonradan uzadıla bilər.
Müqavilə Azərbaycana ildə 2 milyard kubmetr qaz tədarükünü nəzərdə tutur.
Agentlik “Qazprom”a istinadən bildiri ki: “Rusiya qazının idxalı iqtisadiyyatın və daxili tələbatın artması ilə əlaqədar Azərbaycanın bu enerjidaşıyıcıya olan əlavə tələbatlarını ödəməyə imkan verəcək”.
Caspian Barrel xatırladır ki, sentyabrın 11-də Bakıda qaz alqı-satqısına dair imzalanma mərasimi başa çatdıqdan 4 gün sonra SOCAR prezidenti Rövnəq Abdullayev Sankt Peterburqa səfər etmiş və “Gazprom” İdarə Heyətinin sədri Aleksey Millerlə görüşmüşdü. Görüşlə bağlı “Gazprom”un rəsmi məlumatında bildirilirdi ki, tərəflər Rusiya qazının Azərbaycana ixracının bərpası məsələlərini müzakirə edib, bunun ölkə iqtisadiyyatının artan enerji tələblərini ödəməyə qadir olacağını vurğulamışlar.
Qeyd edək ki, Azərbaycan müstəqillik illərində ilk dəfə Rusiya qazının 2000-ci ilin oktyabrında idxal etməyə başlamışdı. O zaman qazın tədarükçüsü rolunda özəl şirkət “İtera” çıxış edirdi. Ancaq 2004-cü il yanvarın 1-dən Azərbaycana Rusiya qazının tam ixracatçısı rolunda “Gazprom” sahib oldu və bu düz 3 il davam etdi. Azərbaycan “Şahdəniz” lahihəsindən ilk qazını hasil etdikdən sonra 2007-ci il 1 yanvardan Rusiya qazının idxalından imtina etdi. 2010-cu ildən sonra isə SOCAR Rusiyanın cənub bölgəsinə – Dağıstana qaz ixracına başladı. 2013-cü ildə ixrac həcmi 1,37 mlrd m3 olmuşdusa, 2014-cü ildə bu həcm 206 mln kub metrə qədər azaldı. Bu da Azərbaycanın daxili bazarında qaza olan tələbatın artması ilə əlaqədar idi.
P.S. Əslində bu haqda məlumatı ilk olaraq AzMeCo şirkəti yaymalı idi. Onun rəhbəri jurnalistlər üçün brifinq keçirməli və bildirməliydi ki, “şirkətimizin bundan sonra xammalla bağlı heç bir problemi olmayacaq və AzMeCo fəaliyətini gündən-günə genişləndirəcək, məhsul ixracını artıracaq və nə qədər vəsait qazanacaq”.
Ilham Şaban, Neft Araşdırmaları Mərkəzinin rəhbəri