logo

“Etilen-Polietilen” zavodunun modernləşdirilməsi 2023-cü ildə başa çatacaq

Views: 98

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun modernləşdirilməsini 2023-cü ilin birinci rübündə başa çatdırmağı planlaşdırır.Bu barədə zavodun direktoru Oqtay Niftəliyev məlumat verib.

“2016-cı ildən zavodun modernləşdirilməsi üzrə işlər aparılır və 2021-ci ildə bu işlərin əsas mərhələsi başa çatıb. Bəzi yeni texnoloji qurğular, yeni sobalar, çənlər və xammalın saxlanması üçün anbarlar tikilib. Zavodun modernləşdirilməsi müəssisənin 100% avtomatlaşdırılması ilə 2023-cü ilin birinci rübündə tam başa çatdırılacaq”, – Niftəliyev bildirib.

O, həmçinin deyib ki, yeni yüksək gərginlikli yarımstansiyanın tikintisi və mövcud su soyutma sisteminin genişləndirilməsi layihələri son mərhələdədir.

“Bu obyektlərin istifadəyə verilməsi bu ilin ikinci rübündə nəzərdə tutulub”, – deyə o vurğulayıb.

Niftəliyev onu da qeyd edib ki, 2022-ci ilin üçüncü rübündə müəssisədə elektrik enerjisi istehsalını iki dəfə artıracaq əlavə buxar turbin generatorunun istifadəyə verilməsi planlaşdırılır.

“Bu layihə üzrə irəliləyiş 98% təşkil edir. Onun həyata keçirilməsi stansiyada Buxar Generator Kompleksinin layihə gücünü 32 MVt/saatdan 65 MVt/saata yüksəldəcək və özünü elektrik enerjisi ilə tam təmin edəcək. Hazırda stansiyanın 18 MVt/saat səviyyəsində elektrik enerjisinə olan tələbatı Sumqayıt elektrik şəbəkəsi hesabına təmin edilir”, – deyə Niftəliyev bildirib.

Zavodun baş mühəndisinin yeni avadanlıq və modernləşdirmə üzrə müavini Samir Səlimlinin sözlərinə görə isə,  modernləşdirməyə qədər zavodun etilen istehsalı üzrə gücü ildə 100-110 min ton, propilen istehsalı üzrə 60-65 min ton olub.

“Modernləşdirmədən sonra zavodun gücü bəzi məhsullar üzrə iki dəfə, bəziləri üzrə üç dəfə artıb. Propilen istehsalı ildə 187 min tona, etilen istehsalı isə 190 min tona çatıb. Bununla belə, bu günlərin birində biz etilen hasilatını ildə 210 min tona çatdırmaq üçün avadanlıqların sınaqdan keçirilməsinə başlayacağıq”, – deyə Səlimli vurğulayıb.

O qeyd edib ki, sınaqların nəticələri etilen istehsalını müəyyən edilmiş həcmə çatdırmaq üçün problemlərin olub-olmadığını və avadanlıqların dəyişdirilməsinin zəruriliyini göstərəcək.

anews

0

Your Cart