logo

Bu il TANAP ilə qaz nəqli 18 % artırılacaq

Views: 244

2022-ci ildə TANAP ilə Azərbaycan qazının Türkiyə və Avropaya nəqlinin həcmi 18% – 16,2 milyard kubmetrədək artacaq. Bu barədə SOCAR şirkəti məlumat verir.

“2022-ci ildə TANAP qaz kəməri ilə 16,2 milyard kubmetr səviyyəsində qaz ixracı planlaşdırılır. 2021-ci ildə bu qaz kəməri ilə 13,73 milyard kubmetr qaz nəql olunub. Beləliklə, 2022-ci ildə ixracın artımı 18% təşkil edib”, – SOCAR-ın Teleqram kanalında məlumat verilir.

“İnterfaks-Azərbaycan” öncə məlumat verib ki, martın 12-də energetika naziri Pərviz ŞahbazovAntalya Diplomatiya Forumu çərçivəsində bildirib ki, 2022-ci ildə Azərbaycandan “Cənub Qaz Dəhlizi” ilə Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər artacaq.

Azərbaycan 2021-ci ildə 19,2 milyard kubmetr qaz ixrac edib.

TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də “Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb.

Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

interfax

0

Your Cart