logo

Azərbaycan Türkiyəyə qaz ixracını artırır

Views: 391

Belə bir addım İrandan qazın idxalı ilə bağlı Ankaranın texniki problemlər yaşaması fonunda həyata keçirilir

Azərbaycan İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyəyə qazın ixracını artırmaq haqda qərar verib.

SOCAR rəsmisi İbrahim Əhmədov bildirib ki, son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət edib.

“Şahdəniz” konsorsiumu qazının bazarlarda satışına cavabdeh olan AGSC şirkəti qardaş Türkiyənin sorğusuna artıq cavab verib və mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq”, – deyə o, Facebook səhifəsində yazıb.

Əhmədov qeyd edib ki, bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaq.

“İnterfax-Azərbaycan” agentliyi xəbər verir ki, Azerbaijan Gas Supply Company (AGSC) Kayman adalarında məhdud məsuliyyətli cəmiyyət olaraq təsis edilib, baş ofisi Bakıda yerləşir. AGSC “Şahdəniz” HPBS üzrə tərəfdaş şirkətlər və SOCAR tərəfindən “Şahdəniz” layihəsinin Mərhələ-1 və Mərhələ-2 çərçivəsində hasil olunmuş təbii qazın İtaliya, Yunanıstan, Bolqarıstan, Azərbaycan, Gürcüstan və Türkiyəyə tədarükünü həyata keçirir.

0

Your Cart