logo

Əliyev: Azərbaycan 2023-cü ildə Avropaya 11 mlrd kubmetr qaz ixrac edəcək

Views: 198

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qazının beynəlxalq bazarlara ixrac həcmi artır və bu il artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib.

“Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq”, deyə dövlət başçısı İspaniyanın “El Pais” qəzetinə müsahibəsində qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir.

“Burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır”, – Azərbaycan Prezidenti bildirib.

O əlavə edib ki, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir.

“Bilirəm ki, hazırda Avropada yeni bağlantılar üzərində iş gedir. Yəni, bunu planlaşdırmaq lazımdır, çünki bizim qazımız uzunmüddətli müqavilələr əsasında satılır və biz müqavilələri 100 faiz yerinə yetiririk”, – deyə İ.Əliyev bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan qazını yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. “Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur”, – deyə o vurğulayıb.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.

Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə edilir.

interfax.az

0

Your Cart