2018-ci ilin nəticələrinə görə, təqribən 1,2 milyard kVt/saat elektrik enerjisinin pulu ödənilməmişdir.
2018-ci ildə Azərbaycanda 187 minə yaxın elektrik enerjisi istehlakçısının sayğacı dəyişdirilib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
«2018-ci ildə 186,672 min abonentin köhnə sayğacları yeniləri ilə əvəz olunub. Sayğacların ümumi sayında 171,739 sayğac əhali kateqoriyasından olan abonentlərin, 14,933 min sayğac isə digər kateqoriyaların payına düşüb», – deyə məlumatda bildirilir.
Həyata keçirilmiş işlər nəticəsində enerji itkisi 9,8%-dək azalıb, 2018-ci ilin yekunları üzrə tədarük edilən elektrik enerjisinə görə vəsaitlərin ümumi yığım həcmi 94,7% təşkil edib.
Azərbaycanda elektrik şəbəkələri abonentlərinin sayı 2 mln. 607,176 min təşkil edir.
Ötən il respublikada ümumi elektrik enerjisi istehsalı 25256,1 mln. kVt/saat olmuşdur. Azərbaycanda elektrik enerjisinin istehlakı 23939,5
mln. kVt/saat təşkil etmişdir.
“Azərenerji” ASC və Naxçıvan MR Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında 21163,7 mln. kVts, Su Elektrik Stansiyalarında isə 1754,3 mln. kVts elektrik enerjisi istehsal edilmişdir. Qalan elektrik enerjisi isə müstəqil elektrik stansiyalarının payına düşür.
2018-ci il ərzində elektrik enerjisinin ixracı 1447,7 mln. kVts olmaqla, 2017-ci illə (1282,5 mln. kVts) müqayisədə 165,2 mln. kVts , idxalı isə 131,1 mln. kVts olmaqla, 2017- ci illə (107,8 mln. kVts) müqayisədə 23,3 mln. kVts artmışdır.