Azərbaycan

Azərbaycanda yeni rüsum – bu dəfə “artıq yanacağa” görə…

Əgər avtomobilinizdə xaricə əlavə yanacaq aparmaq istəyirsinizsə, onda rüsüm ödəməli olacaqsınız

Azərbaycan Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib.

Baş nazir Novruz Məmmədovun 3 avqustda imzaladığı qərara əsasən, Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun alınması müəyyən edilib.

“Gömrük Məcəlləsi”nə görə, Azərbaycanın gömrük sərhəd-keçid məntəqlərindən yalnız avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq gömrük rüsumsuz keçirilə bilər.

Məlumata görə, Azərbaycanda yanacaq qiymətlərinin ucuz olmasından istifadə edən insanlar avtomobilərinə və başqa nəqliyyat vasitələrinə daha böyük həcmli yanacaq bakları quraşdıraraq ölkədən yanacaq daşımaqla məşğul olur. Nazirlər Kabineti bu halların qarşısını almaq üçün qərar qəbul edib.

Azərbaycanın Gürcüstan, Rusiya, Türkiyə və İranla sərhədlərində keçid məntəqələri fəaliyyət göstərir. Həmçinin, Qazaxıstan, Türkmənistan, Rusiya və İran ilə dəniz sərhədləri var, Türkmənistan və Qazaxıstanla bərə vasitəsi ilə gediş-gəliş mövcuddur.