Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru, texnika elmləri namizədi Berik Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Caspian Barrel xəbər verir ki, qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı ADNSU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, elmi fəaliyyəti, əcnəbi tələbələr və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib.
ADNSU-da xarici ali məktəblərlə əlaqələrin inkişafına xüsusi önəm verildiyini deyən rektor M.Babanlı tələbə və müəllim mübadiləsi istiqamətində bir sıra addımlar atıldığını vurğulayıb.
Son dövrlərdə universitetdə həyata keçirilən islahatlar haqqında danışan rektor M.Babanlı ADNSU-nun beş ixtisasının FİBAA tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunduğunu diqqətə çatdırıb.
Sonda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və qonaqlara xatirə hədiyyəsi təqdim edilib.