Azərbaycan, Materiallar

“Abşeron” yatağı üçün podratçı iyulda məlum olacaq

“Abşeron” yatağına sualtı boru və kabellərin çəkilməsi üçün tender elan edib və qalib şirkət gələn ay məlum olacaq

Fransanın TOTAL şirkəti “Abşeron” yatağına sualtı boru və kabellərin çəkilməsi üçün podratçı seçimi üzrə tenderə iyul ayında yekun vurmağı planlaşdırır. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin məlumatında deyilir.

AXDG-nin sədri Rauf Vəliyev iyunun 8-də TOTAL nümayəndələri ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

““TOTAL”ın nümayəndəsi Karine Lafontaıne bildirib ki, TOTAL “Abşeron” yatağına sualtı boru və kabellərin çəkilməsi üçün tender elan edib və qalib şirkət gələn ay məlum olacaq. Bundan sonra TOTAL və tenderin qalibi olan şirkətin nümayəndələri 2017-ci ilin iyul-avqust aylarında Gəmiçiliyin neft donanmasının layihəyə uyğun olacaq gəmilərinə baxış keçirəcəklər”, – deyə məlumatda bildirilir.

R.Vəliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, tərkibində həm nəqliyyat, həm də neft donanması olan Gəmiçiliyin 300-ə yaxın gəmisi var. O, bir çox yerli və xarici şirkətlərə dənizdə neft və qaz hasilatında ofşor xidmətlər göstərən Gəmiçiliyin TOTAL ilə əməkdaşlığının da uğurlu olcağına əminliyini ifadə edib.