Azərbaycan

I rübdə “Şahdəniz” yatağından 2,5 mlrd. kubmetr qaz hasil edilib

Yataqda hazırda gündəlik qaz hasilatı 30 milyon kub metr təşkil edir

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından bu ilin I rübündə 2,5 mlrd. kubmetr qaz hasil edilib. Baxmayaraq ki, bu ötən ildəki həcmlərdən nisbətən azdır, ancaq gündəlik hasilat həcmləri dəyişməyib – 30 milyon kubmetrə yaxındır.

Bunu “Natural Gas World” jurnalına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan SOCAR-a verilən səmt qazının həcmi 400 milyon  kubmetrədək artıb.

Xatırladaq ki, martın sonunda “BP-Azərbaycan” şirkətinin prezidenti Qordon Birrell jurnalistlərlə söhbətində bildirmişdi ki, birinci rübdə “Şahdəniz”yatağından ixracla bağlı problemlər yaranmışdı. Onun sözlərinə görə, bu məsələnin hasilat (upstream) məsələlərinə heç bir dəxli yox idi, belə ki, təbii qazın ixrac qaz kəmərinə vurulması zamanı xəbərdarlıq sistemi işə düşmüş və avtomatlaşdırılmış idarəetmə nəqletməni dayandırmışdı. Bir şeyi nəzərə almaq lazımdır ki, Səngəçal terminalında quraşdırılmış qurğular emal edilmiş qazın bütün parametrlərinə nəzarət edirlər. Yəni qaz boru kəmərinə vurulmazdan əvvəl xüsusi keyfiyyət parametrlərinə malik olmalıdır. İkincisi, buradakı qurğular həmçiin birinci nasos-kompressor stansiyasının bütün parametrlərini nəzarətdə saxlayırlar. Avromatikanın işə düşərək nəqletməni ayırması bütün bu proseslərin hər birinin yenidən yoxlanılması və hər bir məsələnin standartlara cavab verəcək səviyyədə olmasına əminlikdən keçirdi. Ona görə də “Şahdəniz”dən qaz ixracı bir-neçə gün dayandırılmışdı. Düzdür, “BP-Azerbaijan” şirkəti rəhbəri hasilatla bağlı bir söz deməsə də, ancaq qaz neft deyil ki, onu yığıb saxlamaq mümkün olsun. Bəli, Azərbaycan tərəfinə verilən qaz həcmləri səviyyəsində hasilatı davam etdirmək mümkün idi və hətta müəyyən qədər də yeraltı qaz anbarlarına da göndərmək. Ancaq fors-major halları üçün yerli infrastrukturun imkanları da buna uyğun olmalıdır.

Bu baxımdan “Şahdəniz”dən I rübdə hasilatın ötən ilin müvafiq dövrü ilə müqayisədə 200 milyon kubmetr azalması obyektiv səbəblərlə bağlı olub. Əsas məsələ isə ondan ibarətdir ki, hasilat ötən ildəki kimi yüksək səviyyədə davam edir və stabildir.

İlham Şaban