Xəbər verildiyi kimi, bu gün Bakıda Azərbaycan tərəfinin təşəbbüsü ilə “Cənub qaz dəhlizi” Məşvərət Şurasının ilk iclası keçirilir.
Avropa Komissiyası enerji İttifaqı üzrə vitse-prezidenti və “Cənub qaz dəhlizi” boyunca yerləşən ölkələrin energetika nazirləri layihənin reallaşması üçün operativ tədbirlər planlanlarını müzakirə edirlər.
Ancaq iclas öncəsi Qərb mətbuatında yayılan məlumatlardan məlum olmuşdur ki, “Cənub qaz dəhlizi”nin hazırda ən böyük problemi Yunanıstanda yaşanır. Belə ki, yanvarda burada qurulan yeni hökumət “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi – Trans Adriatik boru kəməri (TAP) ilə daşınacaq Azərbaycan qazından bu ölkəyə çatacaq transit haqlarına və bu boru xətti ilə 2020-ci ildən Yunanıstana nəql olunmalı Azərbaycan qazının alqı-satqı müqaviləsindəki qiymətlərinə öz mənfi münasibətini “TAP AG” konsorsiumuna bəyan edib.
Belə görünür ki, bu məsələlər Yunanıstanda əvvəlki hökumət öz nüfuzunu itirməyə başlayandan gündəmə gəlməyə başlayıb, məhz buna görə də bu ölkədə TAP-la bağlı ötən bir il ərzində elə bir ciddi irəliləyiş əldə etmək mümkün olmayıb. Məhz ultrasolçuların hakimiyyətə yiyələnməsi ilə problem daha qabarıq formada ortaya qoyulub və Bakı görüşündən bir gün öncə isə Moskvaya səfər edən Yunanıstan xarici işlər naziri Rusiyalı həmkarı Sergey Lavrovla qaz ixrac marşrutlarını da müzakirə ediblər və “Yunanıstan Türk axınına maraq göstərir” kimi ifadə də bu görüşün kuliminasiya nöqtəsi olub.
Demək, bir şey aydındır ki, Yunanıstan artıq bu gün “Cənub qaz dəhlizi”nin reallaşmasında bir TİXACa çevrilir. Və tezliklə bu problem həllini tapmalıdır.
Bəs Azəbaycanın Yunanıstana hər hansı güzəşt getmək imkanı varmı? Yada salmaq gərəkdir ki, “Şahdəniz” konsorsiumu və SOCAR 2011-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya ixrac marşrutu uzərində ciddi işlərə başladılar. O zaman 4 əsas marşrut üzərində təhlillər aparılırdı. Sonra ciddi mübarizə nəticəsində seçimdə 2 marşrut qaldı: Nabucco-West və TAP. Sonuncu ona görə seçildi ki, ən minimal tarifləri və bu boru kəmər boyunca yerləşən ölkələr ən optimal alqı-satqı variantlarını təklif etmişdilər.
İndi təsəvvür edin, Yunanıstanın yeni hakimiyyətinin təkidi ilə bu tariflər qaldırılsa və satış qazının qiyməti endirilsə, demək, onda həm ixrac boru layihəsinin kommersiya rentabelliyi təhluke altina duşmüş olur, həm də “Şahdəniz-2” layihəsinə investisiya etməyə hazırlaşan şirkətlərin vəsaitlərinin geri qayıtma dövrü uzanməş olur. Nəzərə alsaq ki, bu layihədə iştirak edən şirkətlərin bəziləri ictimai-səhmdar şirkətlərdir (məsələn, BP və LUKoil-u layihədə ümumilikdə payı 38% təşkil edir – Caspian Barrel), yəni yatırımlarla qərarı onların rəhbərləri deyil, səhmdarlar verir (onlar isə daha çox mənfəətli layihələrə yatırımlarda maraqlıdırlar ), onda Xəzərin ən böyük qaz yatağının işlənməsi belə təhlükə altına alına bilər.
Nəticədə, Avropa çoxdan bəri arzuladığı alternativ mənbədən qaz almaq imkanından sadəcə məhrum olmaq kimi təhlukə ilə üzləşə bilər.
Bu isə nəyin nəticəsidir – bu günə 320 mlrd avro dövlət borcu yaranmış bir ölkənin hələ də öz gələcəyinin dumanlı təsəvvürləri ilə bağlı olması. Bu gün Afina Brüssel və Moskva arasında vurnuxur. Onun 10 milyonu ötmüş əhalisi 2008-ci l iqtisadi böhranından sonra hələ də başa düşə bilmir ki, “işləmədən” böyük pullar qazanıb necə gəldi xərcləyərək yaşamaq artıq mümkün deyil. 7 il keçib, hələ də insanlar arzularla, daha çoxları isə miflərlə yaşamağa üstünlük verirlər…nəticə isə göz qabağındadır, heç kəsin gözləmədiyi halda ultra solçular Afinada və Qərbin Rusiyaya sanksiyalar tətbiq tdiyi zaman yeni formalaşan Yunanıstan hökuməti artıq “Türk axını” ilə Rusiyadan qaz alıb qazan doldurmaq planları haqda düşünür… Brüssel isə Afinaya yenə də bir neçə milyard avro yardım etməyə hazırlaşır ki, avrozonanı tərk etməsin, avro birdəfəlik süquta uğramasın və sair…
İlham Şaban