İyunun 2-də SOCAR prezidenti Rövnəq Abdullayev Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Enerji və Təbii Sərvətlər Agentliyinin Neft və Qaz Divizionunun direktoru Ryo Minaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycan-Yaponiya münasibətlərinin yüksək templə inkişaf etdiyini bildirmiş, Yaponiya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdə həyata keçirilən layihələrdə fəal iştirakını qeyd etmişdir. O, Yaponiya şirkətlərinin və ixrac-idxal bankının SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodunun inşası layihəsinə qoşulduğunu diqqətə çatdırmışdır. Azərbaycana ilk dəfə səfər etdiyini deyən Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Enerji və Təbii Sərvətlər Agentliyinin Neft və Qaz Divizionunun direktoru Ryo Minami Bakını müasir Avropa şəhərləri ilə müqayisə etmiş, paytaxtın inkişafına heyran qaldığını bildirmişdir. Qonaq respublikamızda həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr haqqında bu ilin fevralında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri zamanı ətraflı məlumat aldığını demişdir. O, Yaponiyanın IMPEX və ITOCHU şirkətlərinin Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçılarından olduğunu, yapon şirkətlərinin Bakı-Tbilisi-Ceyhan kəmərlərinin payçıları arasında da yer aldığını diqqətə çatdırmışdır. Hər iki layihə üzrə işlərin uğurla davam etdiyini söyləyən qonaq Yaponiya hökumətinin bu layihələrə böyük önəm verdiyini vurğulamış, yaradılmış şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir. Ryo Minami Yaponiya hökumətinin SOCAR ilə əməkdaşlığın genişləndirilməsində də maraqlı olduğunu qeyd etmişdir. Ölkəmizdə həyata keçirilən enerji layihələri çərçivəsində Xəzər hövzəsində hasil olunan karbohidrogenlərin dünya bazarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən neft və qaz kəmərləri sisteminin yaradılması və uğurla fəaliyyət göstərməsi haqqında məlumat verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yaponiya şirkətlərinin bu layihələrdə müvəffəqiyyətlə çalışdıqlarını bildirmiş, ARDNŞ ilə onlar arasında müxtəlif layihələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan bəhs etmişdir. Görüşdə belə bir fikir vurğulanmışdır ki, Azərbaycanla Yaponiya arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə olması enerji sahəsində əməkdaşlığın daha da genişlənməsinə etibarlı zəmin yaradır.