Xüsusi xəbərlər

SOCAR-ın dəstəyi ilə “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu keçirilir

forum-usVaşinqtonda “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu işə başlamışdır. Iki gün davam edəcək tədbirdə ABŞ Konqresinin, müxtəlif ştatların nümayəndələr palatası və senatlarının, ABŞ Administrasiyasının üzvləri, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri, Azərbaycanın dövlət qurumlarını təmsil edən şəxslər — Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri — deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Elşad Nəsirov, Xalik Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və katolik icmasının ordinarisi Vladimir Fekete və başqaları iştirak edirlər.

Forum çərçivəsində keçirilən ilk sessiya “ABŞ-Azərbaycan münasibətləri: ticarətdə və investisiyalarda tərəfdaşlıq” mövzusuna həsr olunmuşdur. Sessiyada çıxış edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Səməd Seyidov və Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin tarixi və son 22 ildə iki ölkə arasında yaranmış uğurlu əməkdaşlıqdan söz açmışlar.

Birinci sessiyanın işində Vayominq ştatının Nümayəndələr Palatasının və Senatının üzvləri Devid Miller və Sisko MakSorli, Yuta ştatından Uilliam Deyvis və Lin Heminquey, Nyu-Meksikodan Debbi Rodella və Nora Espinoza, Texas ştatından Lens Quden, Arkanzas ştatından Coys Elliot və Conatan Barnet, Şimali Dakotadan Kori Mok, Cənubi Dakotadan Lens Rassel, İndianadan Brandt Herşman, Nyu-Hempşer ştatından Lenet Piterson, Vermont ştatından Cin O’Sallivan və Mətyu Triber, Meyn ştatından Rocer Katz və Dennis Keşl, Tennessi ştatından Co Tauns iştirak etmişlər. Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidova ABŞ-Azərbaycan tərəfdaşlığına həsr olunmuş bir sıra qətnamələr təqdim olunmuşdur.

Arkanzas ştatından konqresmen, bu ştatın Nümayəndələr Palatasının nəqliyyat məsələləri komitəsinin sədri Conatan Barnet çıxışında bildirmişdir ki, Bakıya səfəri zamanı Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı onda gözəl təəssürat oyatmışdır. O, ölkəmizin iqtisadi uğurlarından danışaraq bildirmişdir ki, Azərbaycan rəhbərliyi öz vətəndaşlarının, eləcə də regionun digər ölkələrinin rifahını yaxşılaşdırmağa çalışır.

Missisipi ştatının keçmiş qubernatoru (2004-2012-ci illər) Heyli Barbur çıxışında Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışaraq demişdir: “Azərbaycan ilk qaz təchizatını səbirsizliklə gözləyən Avropa üçün Allahın nemətidir”. Missisipi administrasiyasının sabiq başçısı Azərbaycanda dini tolerantlığın əhəmiyyətini, habelə Azərbaycanın ABŞ üçün böyük əhəmiyyət daşıması barədə Amerika ictimaiyyətinin məlumatlandırılması baxımından Forumun rolunu xüsusi vurğulamışdır.

SOCAR-ın dəstəyi ilə keçirilən Forum işini davam etdirir.