logo

TAP “İlin təbii qaz, LNG və hidrogen layihəsi” nominasiyasında qalib olub

Views: 58

Azərbaycana məxsus təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinda keçirilən “Gastech Awards 2021” tədbirində “İlin təbii qaz, LNG və hidrogen layihəsi” nominasiyasında qalib elan olunub.

Bu barədə “Report” TAP AG konsorsiumuna istinadən xəbər verir.

Luka Şieppati

TAP-ın İcraçı direktoru Luka Şieppati (Luca Schieppati) bildirib ki, TAP-ı reallığa çevirmək, etibarlı, davamlı qaz ötürmə və saxlama variantı olması üçün əlavə addımlar atılıb: “Bu mükafat layihənin planlaşdırılması və həyata keçirilməsi, tərəfdaşlar və maraqlı tərəflərlə əməkdaşlıq, sosial-ekoloji investisiyalar, layihənin hədəfə çatdırılması mövzusunda təhlükəsizlik, mükəmməllik və ən yaxşı təcrübəyə bağlılığımızı bir daha vurğulayır. Bu layihə Avropanın gələcəkdə dayanıqlı enerji mənbəyi ilə təmin edilməsi ilə nəticələnib”.

Xatərladaq ki, hər il baş tutan “Gastech Awards” mükafatı “Gastech” konfransı ərəfəsində təşkil edilir və təşkilatların, fərdlərin qaz sektorundakı üstün nailiyyətlərini qeyd edir.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.

0

Your Cart