logo

Hökumət D230 perspektiv blokunun işlənməsinə dair öhdəlikləri təsdiqlədi

Views: 711

Nazirlər Kabineti “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”də qeyd olunmuş “Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri”ni təsdiq edib.

Bu barədə Caspian Barrel-ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”də qeyd olunmuş “Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilib.

Nazirlər Kabinetinin qərarının mətninda qeyd olunur ki, sözügedən sazişə 5-ci əlavədə qeyd olunmuş Azərbaycan hökumətinin təminat və öhdəlikləri təsdiqlənir.

2018-ci il aprelin 26-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki “D230” blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb.

“D230” bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

 

Comments: 0

0

Your Cart