Tarif Şurası olan ölkədə hər şey ola bilər…
2017-ci il yanvarın 1-dən əhali qrupu üçün təbii qazın qiymətlərində differensiallaşdırılmışmış tariflərin tətbiqinə başlanılıb. Tarif Şurasının 28 noyabr 2016-cı ildə qəbul etdiyi qərara görə, 1500 kubmetrdən çox sərfiyyatı olan abonent artıq işlətdiyi hər kubmetr qaz üçün 20 qəpik ödəməli idi. Ancaq dekabrda Azərbaycan Prezidentinin göstərişindən sonra TŞ bu limiti 1700 kubmetrə qədər artırdı.
Bu gün SOCAR-ın iqtisadiyyat üzrə vitse-prezidenti Süleyman Qasımov mətbuat konfransında bildirib ki, “təbii qazın qiymət artımı ümumi abonentlərin əksər hissəsini əhatə etməyib”. SOCAR rəsmisinin ikinci fikri ictimaiyyət üçün daha şübhəli görünüb: “üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizm işlənib hazırlanması məsələsi gündəmdədir. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək”.
Doğrudanmı qaz ölkəsi sayılan Azərbaycanda əhali birdən-birə qiymət məsələsində QAZ ŞOKU keçirməklə üzləşə bilər?
Əvvəlcə statistikaya nəzər yetirək: 2016-cı ilin yekunları hələ açıqlanmayıb. Ona görə də 11 ayı müqayisə edəcəyik. Ötnən ilin yanvar-noyabrında Azərbaycanda 17 024,8 mln kub metr əmtəəlik qaz hasil edilib. Bir il əvvəl bu göstərici 18 068,1 mln kub metr olmuşdu. Yəni ölkənin əmtəlik qaz hasilatı 1 mlrd 43,3 mln kub metr azalıb. Bu bir il ərzində “Azəriqaz” İstehsal Birliyinin (SOCAR-ın qaz paylayıcı şəbəkəsi) abonentlərinin ümumi sayı 166 min 488 ədəd artaraq 1 mln 980 min 526-a çatıb. Bu isə ortalama əlavə 300 mln kubmetrə qədər qaz sərfiyyatı deməkdir. Onda sual ortaya çıxır: SOCAR bu qədər qaz deficitini nəyin hesabına ötən il bağlaya bilib?
Yenə statistika köməyimizə çatır. 2015-ci ildə Statkom qaz itkilərini 1 mlrd kub metr olduğunu göstərdiyi halda, 2016-cı ilin 9 ayında bu göstəricinin xeyli azaldığını (550 mln kub metrədək) qeyd edir. Yəni illik ölçüdə bu təqribən 700 milyon kubmetr çıvarında olduğuna dəlalət edir. Yəni 300 mln kubmetr itkilərin azaldılması hesabına ödənilib.
İkincisi, “Azərenerji” əgər əvvəllər hər il SOCAR-dan 5,3-5,5 mlrd kub-metr qaz alırdısa, 2016-cı ilin 11 ayında 3 milyard 816 milyon kub metr qaz alıb. Onda güman etmək olar ki, ötən il energetiklər SOCAR-dan 4,2-4,3 milyard kub metr qaz alıblar. Ancaq bu heç də o demək deyil, ki, “Azərenerji” başlayıb səmərəli işləməyə. Baxmayaraq ki, ötən ildə hava şəraiti kifayət qədər mülayim keçdi (istər qış olsun, istərsə də yay), buna baxmayaraq “Azərenerji” elektrik enerji istehsalını 2015-ci illə müqayisədə 100 mln kVt\saat artıraraq 22,6 mlrd kVt\saata çatdırdı. Bəs “Azərenerji” istehsalı nəyin hesabına ümumiyyətlə aparıb? Axı onun hasilatının 92%-i istilik elektrik stansiyalarının payına düşür! Yanacaq mazutunun! Ötən il elektrik enerjisinin istehsalında yarım milyon ton nazutdan istifadə edilib və nəticədə SOCAR ölkənin daxili bazarında olan problemləri çətinliklə də olsa həll edə bildi.
Ancaq bu yazdıqlarım məsələnin statistik tərəfidir. Azərbaycanda dövlət tərəfindən qiyməti tənzimlənən hər hansı bir qiymətin “ziyana getməməsi” məsələsi daha mürəkkəb mexanizmlərlə bağlıdır. Məsələn, yadınızdadırmı, “Azərenerji”nin SOCAR-a olan 580 milyon manatlıq borcu…özü də 0.78 kursu vaxtı. Bir dövlət şirkəti digərinin pulunu ödəmir, çünki “Azərsu” da nasos stansiyalarında işlətdiyi enerjinin pulunu ödəyə bilmirmiş. Hökumət də heç nə olmamış kimi seyrçi mövqe tuturdu və sonda birdən hər şeyin qiymətini qaldırdı. Ancaq qiymət artımı məsələnin həllidirmi? Müstəqillik illərində nə qədər qiymət artımı olub! Olan problemlər həllini tapıbmı?
Ona görə də məsələlər kompleks həll edilməlidir: bunun üçün isə yol islahatlardan keçir. Dünənə qədər (ikinci devalvasiyaya ) SOCAR-ın Şahdənizdən və əməliyyat şirkətlərindən təbii qazı dönərli valyuta ilə alınması kiminsə yadına düşmürdü. Əlbətt də yox, çünki bahalı manatımızın fonunda dolların söhbətini qaldırmaq nəyə lazım idi. Ancaq hər zamanın bir hökmü var. İndi də dolların hökmüdür. Milli iqtisadiyyatın dirçəldilməsi isə istehsalatdan keçir, insanların qazancının artırılmasından gedir.
Vergilərin, kommunal xərclərin, yanacağın qiymətinin artırılması ilə iqtisadi inkişafda hansısa pilləni aşmaq mümkündür, ancaq nəzərə almaq lazımdır ki, əldə edilən enerji digər pillələri aşmaq üçün yetərli olmur…
İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri