Misir Ərəb Respublikasında səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Qahirədə ölkənin Baş naziri İsmayıl Şərif ilə görüş keçirib
Bu haqda bu gün məlumat yayan Dövlət Neft Şirkətinin mətbuat məlumatında bildirilir ki, görüşdə Misirin EGPC (Egyptian General Petroleum Corporation) şirkətinin rəhbəri Mohammad el Masri və Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev iştirak etmişlər.
Rövnəq Abdullayev SOCAR-ın Misirə xam neft təchizatı və EGPC şirkəti ilə mövcud əməkdaşlıq əlaqələrindən danışmış, SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələr barəsində məlumat vermişdir. SOCAR prezidenti Misirdə əməkdaşlıq imkanları olduğu təqdirdə bu ölkədəki layihələrdə iştirak etməyə maraq göstərildiyini də ifadə etmişdir.
Misir Ərəb Respublikasının Baş Naziri İsmayıl Şərif SOCAR-ın Misirdəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirmiş, SOCAR ilə EGPC arasındakı əməkdaşlıq əlaqələrinin mövcud səviyyəsinin məmnunluq doğurduğunu söyləmişdir. Misirin neft-qaz sənayesində investisiya
imkanlarının geniş olduğunu qeyd edən cənab Şərif SOCAR-ı bu imkanları dəyərləndirməyə dəvət etmiş və Misir dövlətinin SOCAR-ın bu ölkədəki işgüzar fəaliyyətini dəstəkləməyə hazır olduğunu vurğulamışdır.