Azərbaycanda yenidən manatın devalvasiyası gündəmdədir. 3-4 gündür, banklar və valyutadəyişmə məntəqələri dollar satmadığı üçün şirkətlər və əhali ajiotaj içindədir. Mərkəzi Bank yaranmış ajiotajı aradan qaldırmaq üçün açıqlama yayaraq, kifayət qədər valyuta ehtiyatının olduğunu və bankların tələbatının tam təmin olunduğunu bəyan edib. Elə bankların xarici valyuta satmamaları onların özlərinin də ajiotajda olmaları ilə bağlıdır.
Bəs Azərbaycanda növbəti devalvasiyanın reallaşacağı söz-söhbətləri haradan qaynaqlanır? “Marja” prosesləri təhlil edərək aşağıdakıları diqqətinizə çatdırır.
1.NEFTİN QİYMƏTİNİN UCUZLAŞMASI
Azərbaycan 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi üçün neftin qiymətini 90 dollar götürmüşdü. Lakin neft hal-hazırda bu qiymətdən 2 dəfə aşağı – 45 dollara satılır. Hökumət bir çox “lazımsız” xərcləri ixtisar edərək bu ilin büdcəsini problemsiz icra etməyə çalışır. 2016-cı ilin büdcəsində isə neftin qiymətinin 50 dollar götürüləcəyi açıqlanmışdır. Hazırkı qiymətlər büdcədə belə bir qiyməti də götürməyə imkan vermir. Çıxış yollarından biri devalvasiyadır. Bu nə üçün lazımdır? Sadə şəkildə belə deyək: Azərbaycan büdcəni doldurmaq üçün neftin barrelini 50 dollardan satmağı hədəfləyir. Şərti götürsək, 1 milyon barel neftin 50 dollardan satılması 50 milyon dollar (hazırkı məzənnə ilə 52,5 milyon manat) gəlir deməkdir. Lakin neft 40 dollara düşərsə qazanc da müvafiq olaraq 40 milyon dollara (42 milyon manata) düşəcəkdir. Amma büdcənin doldurulması üçün 50 milyon dollara (52,5 milyon manata) ehtiyac duyulur. Manat ifadəsində 10,5 milyon manat kəsir yaranır (52,5-42=10,5). Bu itkini bərpa etmək üçün daha çox neft hasil edib satmaq imkanı da yoxdur. Bu halda, elə bir məzənnə müəyyən etmək lazımdır ki, 40 milyon dolları manata çevirdikdə 52,5 milyon manat etsin. Bu məzənnə də 1 dollar=1.31 manat ola bilər. Həqiqətən, neft satışından əldə edilən 40 milyon dollar 1,31 manat məzənnəsilə manata çevrilsə, kassaya 52,5 milyon manat qoymaq olar. Əgər neft 35 dollara düşərsə və neft satışının həcmi dəyişməzsə, 52,5 milyon manatı əldə etmək üçün dollar/manat məzənnəsi 1.50 olmalıdır.
Hazırda neft 45 dollara satıldığından, bizim misalımızda göstərdiyimiz 52,5 milyon manatın əldə edilməsi üçün dollar/manat məzənnəsi 1.17 manat olmalıdır.
Qeyd edək ki, 15 İyul 2015-ci il tarixində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov belə demişdi:
“İlin sonuna qədər, neftin qiymətinin 50 dollar ətrafında sabitləşməsi və əsas ticarət tərəfdaşlarımızın iqtisadiyyatlarında ciddi hadisə baş vermədiyi şəraitdə manatın məzənnəsi üçün təhlükə görmürəm”.
Qeyd etdiyimiz kimi neft 45 dollara düşdüyündən və qonşu ölkələrin iqtisadiyyatları ləngidiyindən artıq təhlükəni görmək olar.
Əlavə edək kmi, Çin iqtisadiyyatının da ləngiməsi neftə tələbi azaldır. Bunun əksinə isə, Neft İxrac Edən Ölkələr Birliyi özünün müəyyənləşdirdiyi kvotaya məhəl qoymayaraq hasilatı artırır. Tələbin aşağı düşməsi, təklifin isə artması qiymətləri daha da aşağıya salır. Üstəgəl, İran da sanksiyaların götürülməsilə yenidən neft bazarına qayıdacaqdır. Analitiklər tələbdə ciddi artım olmadığı halda neftin qiymətində artım gözləmirlər.
2.QONŞU ÖLKƏLƏRİN VƏ AZƏRBAYCANIN ƏSAS TİCARƏT TƏRƏFDAŞLARININ VALYUTALARININ “ÖLMƏSİ”
Azərbaycan Mərkəzi Bankı 21 Fevralda devalvasiyaya gedəndə bəyan etmişdi ki, manatın məzənnəsinin korreksiyası “həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa” yönəlib.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov yenə 15 İyul 2015-ci il tarixində AZTV-də çıxışı zamanı demişdi: “Biz ticarət tərəfdaşlarımız ilə ticarət aparmaqla yanaşı, rəqabət aparırıq. Bu rəqabətin də öz tələbləri var. Bu tələblərdən biri də milli valyutanın dəyəridir. Ticarət tərəfdaşlarımızdan biri yenə milli valutasını aşağı salacaqsa, risk yarana bilər”. Elman Rüstəmov qeyd etmişdi ki, məzənnə Azərbaycan daxilindən daha çox, Azərbaycan xaricində müəyyən olunur.
Son 6 ayda Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə, Rusiya və Gürcüstanın milli valyutaları xeyli “ölüb”. Nəticədə 21 Fevraldan (devalvasiyadan) bəri, Manat Türkiyə lirəsi qarşısında 16,6%, Rusiya Rublu qarşısında, 27,7%, Gürcüstan larisi qarşısında isə 10 faiz güclənib. Eyni zamanda, bu günlərdə Qazaxıstan valyutasının sərbəst buraxılması ilə əlaqədar olaraq Manat Tengə qarşısında 20,7% bahalaşıb.
Qonşu ölkələrin milli valyutalarını ucuzlaşdırmalarının digər bir mənfi tərəfi budur ki, Azərbaycanın xarici bazarda rəqabət qabiliyyəti aşağı düşür. Bu yerdə Elman Rüstəmovun “Biz ticarət tərəfdaşlarımız ilə ticarət aparmaqla yanaşı, rəqabət aparırıq” fikirini xatırlamaq yerinə düşər. Məsələn, Türkiyə istehsalçıları Lirə “öldüyündən” Rusiyada kənd təsərrüfatı məhsullarını daha ucuz satıb Azərbaycan məhsullarını sıxışdıra bilər. Manatın güclənməsi isə, azərbaycanlı istehsalçıların itirməsi deməkdir. İyul ayında Rusiyada satdığı hər 1000 rubulluq məhsula görə, manat ekvivalentində 21 manat qazanan Azərbaycan istehsalçısı bu gün 15,4 manat qazanır. Sadəcə son 2 ayda Manatın ucuzlaşması nəticəsində ixraçatçılarımız hər 1000 manatda 4,6 manat itirir. Heç olmasa, Manat güclənməsəydi, Azərbaycan məhsulları 4,6 manat hesabına xaricə daha ucuz satıla bilərdi. Mövcud vəziyyət, xaricdə Azərbaycan məhsullarının qiymətinin endirilməsinə imkan vermir, nəticədə də digər ölkələrə qiymət rəqabətində uduzuruq. Yenə, yaranmış vəziyyətdən çıxış yollarından biri devalvasiyadır. Manatın yenidən ucuzlaşdırılaraq əvvəlki məzənnələrinə qaytarılmasına ehtiyac duyulur.
Qeyd edək ki, son vaxtlar Çinin devalvasiya edərək Yuanı ucuzlşadırması dünyada yeni “məzənnə müharibələrinə” səbəb olur.
3.TƏDİYYƏ BALANSINDA DEFİSİTİN YARANMASI
Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Əgər ölkəyə daxil olan valyuta çıxan valyutadan azdırsa defisit yaranır. Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan edib ki, neftin barelinin qiyməti 40 dollar səviyyəsinə düşsə, Azərbaycanın tədiyyə balansı defisitli (kəsirli) deyil. Əgər neft 40 dollardan da aşağı düşərsə, tədiyyə balanında defisit yarana bilər. Başqa sözlə, Azərbaycanın “cibində” pulu qalmır. Ölkə gəlirindən çox xərcləyir və xərclərini ödəmək üçün borc almaq məcburiyyətində qalır. Tədiyyə balansı uzun müddət defisitli olarsa, ölkə əvvəlki borcunu ödəmək üçün yenidən borc alır və nəticədə də dözülməz vəziyyət yaranır və ölkə iflasın astanasına gəlir. Tədiyyə balansının defisitinin azaldılmasının digər bir yolu faiz dərəcələrini artırıb daxili istehlakı (xərcləri) azaltmaqdır. Belə bir addım da, Azərbaycanın indiki vəziyyəti üçün məqbul bir addım olmaz. Əksinə, faizləri aşağı salaraq iqtisadiyyatı canlandırmaq prioritetdir.
Bəs tədiyyə balansının defisitini aradan götürmək üçün nə etmək lazımdır? Kəsiri (defisiti) bağlamaq üçün idxal mallarını bahalı etmək (xarici valyutaları bahalaşdırmaqla), ölkə daxilində ixrac yönümlü mal və xidmət istehsalını artırmaq və ixracın rəqabətdə güclü olması üçün milli valyutanı ucuzlaşdırmaq (devalvasiya) lazımdır.
Qeyd edək ki, hazırda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycanın idxalını artıra bilər ki, bu da tədiyyə balansının kəsirə doğru getməsini sürətləndirir. Malların xarici valyutada qiymətinın düşməsi nəticəsində Azərbaycana xarici malların axını başlayır. Tədiyyə balansı defisitli olan zaman ölkə daxilində xarici valyutaya, əsasən də dollara tələb artır. Bu da Mərkəzi Bankın valyuta ehtiyatları üzərində təzyiqi artırır. Belə ki, Mərkəzi Bank valyuta ehtiyatlarını istifadə edərək həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatını tam təmin etməlidir.
Azərbaycanın 2015-ci ilin ilk rübü üzrə tədiyyə balansı 4 milyard 591 milyon ABŞ dolları həcmində mənfi saldo (kəsir) ilə nəticələnib. Yəni, hesabat rübündə ölkədən bu həcmdə kapital axını olub. Qeyd edək ki, keçən ilin son rübündə tədiyyə balansı mənfi saldoya keçib və 1 milyard 193 mln. dollar təşkil edib.
4.ABŞ MƏRKƏZİ BANKI FED VƏ DOLLAR
Azərbaycan xarici ticarəti əsasən Dollar ilə aparır. Dolların güclənməsi bir baxımdan Azərbaycan üçün faydalı ola bilər ki, Azərbaycanın ixrac gücü artar. Lakin dolların güclənməsi nəticəsində avronun və digər valyutaların zəifləməsi qazanılan faydanın üzərindən xətt çəkir. Digər tərəfdən, Azərbaycanın bu gün ən çox xam neft ixrac etdiyini nəzərə alsaq, dolların bahalaşmasnın neftin qiymətini aşağı saldığını qeyd etməliyik.
Beynəlxalq bazarlarda mövcud olan gözləntilərə görə, ABŞ Mərkəzi Bankı FED sıfıra yaxın olan faiz dərəcələrini qaldıracaqdır. Bu ehtimalın güclənməsi dolları bahalaşdırır. Çünki dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir ki, bu da dünyanən əsas valyutasını bahalaşdırır.
Dolların güclənməsi neftin qiymətinə 2 istiqamətdə təsir edir. Birincisi dolların bahalaşacağını proqnozlaşdıran investorlar elektron birjada neft, qızıl və digər əmtəələr almaqdansa dollar almağa yönəlirlər. Neftə yatırılan sərmayələr çıxarılaraq dolların alınmasına yönəldilir. Neftdə baş verən satışlar “qara qızıl”ın birjada qiymətlərini aşağı salır.
İkincisi isə, dolların güclənməsi digər inkişaf etmiş və etməkdə olan ölkələrin valyutalarının ucuzlaşması ilə müşaiyət olunur. Neft alan ölkələr üçün milli valyutalarında neftin qiyməti yüksəlir. Qiymətlərin yüksəlməsi neftə tələbi azaldır və onsuz da təklif bolluğundan əziyyət çəkən neft qiymətləri tələbin azalması ilə daha da aşağı düşür.
5. DÜNYADA VƏ QONŞU ÖLKƏLƏRDƏ BAŞ VERƏN DEVALVASİYALARIN PSİXOLOJİ TƏSİRİ
Qeyd etdiyimiz kimi, Çinin Yuanı devalvasiya etməsindən sonra digər ölkələr də “cavab atəşi” olaraq valyutalarını ucuzlaşdırmağa başlayıblar. Belə bir vəziyyət Azərbaycanda da narahatlıqları artırıb. Əhali hesab edir ki, Azərbaycan da davalvasiyaya getmək məcburiyyətində qalacaq və milli valyutamız olan Manat yenidən ucuzlaşdırılacaqdır. Buna görə son günlər dollara təlabat artıb. Dünyada “məzənnə müharibəsi” alovlandıqca psixoloji dollar alışı artacaq və nəticədə də Mərkəzi Bankın valyuta ehtiyatları yenidən “əriyəcəkdir”. Valyuta ehtiyatlarının kəskin azalması beynəlxalq reytinq təşkilatları tərəfindən ölkənin ödəmə gücünün zəifləməsi kimi qəbul edilir və reytinq aşağı salınır. Azərbaycanın reytinqin endirilməsi isə ölkəmizin “investisiya yatırıla bilinməz” səviyyəsinə düşməsinə səbəb olar ki, bu da arzuolunan hal deyil. Valyuta ehtiyatlarının “buxarlanmasının” qarşısının alınmasının yollarından biri Manatı sərbəst buraxmaqdır. Sonuncu dəfə postsovet ölkələrindən Qazaxıstan belə bir qərar qəbul etdi. Manatın sərbəst buraxılması onun məzənnəsinin tələb və təklif əsasında formalaşacağı deməkdir. İqtisadçılar bildirirlər ki, Manatın məzənnəsi sərbəst buraxılarsa milli valyutamız kəskin “öləcəkdir”.
KREDİTLƏRİN DOLLARLAŞMASI QƏRAR VERMƏYİ ÇƏTİNLƏŞDİRİR
Digər tərəfdən, ikinci devalvasiya olarsa dollarda krediti olanların “evləri yıxılacaqdır”. Bu fakt, Mərkəzi Banka qərar verməkdə çətinlik yaradır. Onsuz da devalvasiya “sunamisinin” birinci dalğası ilə özünə gələ bilməyən banklar, ikinci dalğa ilə çökə bilərlər. Artan problemli kreditlər, bank məhsullarına azalan tələb bir çox bankların sonunu gətirə bilər.
Ya da devalvasiya qərarı verilərək, zərərçəkənlərə kompensasiya ödənilə bilər.
Sonda əlavə edək ki, devalvasiya yerli istehsalı güclü olan, idxaldan daha çox ixrac həyata keçirən (qeyri-neft məhsulları), daxili təlabatı yerli istehsalı hesabına ödəyən, kapitallaşma baxımından bankları güclü olan və kreditdə dollarlaşma səviyyəsi aşağı olan ölkələr üçün böyük fayda verir.
Marja.az