BP şirkəti və Trans-Anadolu boru kəməri (TANAP) konsorsiumu arasında bu gün Türkiyədə sənəd imzalanıb.
Trend “TRT Haber”-ə istinadən xəbər verir ki, sənədə əsasən, şirkət TANAP-ın səhmdarlarının tərkibinə daxil olacaq. Razılaşmaya əsasən, BP layihədə 12 faizlik paya sahib olacaq.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.
“BP bu günki imzalanmadan çox məmnundur. Bu gün Səhmdarların Sazişini imzaladıqdan sonra bizəTANAP-ın səhmdarı olmaq imkanı verəcək digər bütün sazişlərin də tamamlanacağını gözləyirik. Bu məsələdə Azərbaycan və Türkiyə hökumətlərinin dəstəyinə görə təşəkkür edirik”. Bunu Trend-ə “BP-Azərbaycan”dan deyiblər.
Məlumatda qeyd olunub ki, TANAP Cənub Qaz Dəhlizi layihəsinin çox mühüm bir hissəsidir. Bu dəhliz Şahdəniz qazını ilk dəfə olaraq Avropa bazarlarına çatdıracaq. Cənub Qaz Dəhlizi Avropaya öz daxili ehtiyatları enməkdə olan bir vaxtda yeni enerji mənbəyi təklif edir və öz enerji imkanlarını şaxələndirmək imkanı yaradır.”