Xarici ekspertlər “Masdar” şirkətinin Azərbaycandakı 3 yeni layihəsini $1 milyard dəyərində qiymətləndirirlər
Ekspertlər Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycanda iki günəş və bir külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirməyi planlaşdırdığı 3 layihəni $1 milyard dəyərində qiymətləndirirlər.
“Sövdələşmənin dəyəri açıqlanmır, lakin ekspertlər layihələrin ümumi dəyərini $1 milyard həcmində qiymətləndirirlər”, – deyə “İnterfaks-Azərbaycan” agentliyi Britaniyanın “The Financial Times” nəşrinə istinadən bildirir.
Xəbər verildiyi kimi, 2023-cü il oktyabrın 26-da Azərbaycan Hökuməti ilə “Masdar” şirkəti arasında ölkə ərazisində iki günəş və bir külək elektrik stansiyasının inşası layihələri ilə bağlı investisiya müqavilələri imzalanıb.
Energetika Nazirliyindən bildirilib ki, üç yeni stansiyanın ümumi gücü 1 QVt olacaq.
Neftçala rayonunda günəş elektrik stansiyasının gücü 315 MVt, Biləsuvar rayonunda günəş elektrik stansiyasının gücü 445 MVt, Abşeron-Qaradağ rayonunda külək elektrik stansiyasının gücü isə 240 MVt təşkil edəcək.
Bu günədək “Masdar” şirkəti Azərbaycanda dəyəri $262 milyon olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi layihəsini həyata keçirib.