5 iyun 2024-cü il tarixində “MVM Group” şirkəti Azərbaycanın dövlətinə məxsus “Cənub Qaz Dəhlizi” QSC ilə “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişində 5%-lik payın alınmasına dair alqı-satqı müqaviləsi bağlayıb.
Caspian Barrel MVM şirkətinə istinadən xəbər verir ki, bundan əlavə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qazın marketinqi və satışı üçün yaradılmış “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətinin 4% payı da Macarıstan şirkətinin nəzarətinə keçib.
Şahdəniz dünyanın ən böyük təbii qaz-kondensat yataqlarından biridir və 1999-cu ildə kəşf edilmişdir. Yataq Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan təxminən 70 km cənub-şərqdə yerləşir. Şahdəniz layihəsi BP tərəfindən idarə olunan qeyri-korporativ birgə müəssisə tərəfdaşlığı kimi yaradılmışdır.
Şahdəniz yatağından ildə 26 milyard kubmetrdən çox təbii qaz və 5 milyon tonadək kondensat hasil edilir. Yataq əhəmiyyətli karbohidrogen ehtiyatlarına malikdir və 18 ilə yaxındır ki, etibarlı və dayanıqlı şəkildə istismar edilir. Yataqdan fəaliyyətə başladığı gündən ümumilikdə 218 milyard kubmetrdən çox təbii qaz və 371 milyon barel kondensat hasil edilib.
Çıxarılan təbii qaz AGSC ilə bağlanmış uzunmüddətli qaz alqı-satqısı və nəqli müqavilələri əsasında boru kəmərləri ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa tərəfdaşlarına çatdırılır.
MVM Group Şahdəniz qaz yatağında pay almaqla SGC (21,01%) və BP (29,99%), Lukoil (19,99%), TPAO (19%) və NICO (10%) kimi aparıcı enerji şirkətləri ilə əməkdaşlıq edəcək.
Sövdələşmə Avropa İttifaqının diversifikasiya səylərinə, eləcə də milli enerji strategiyasına və MVM Group-un böyümə strategiyasına tam uyğun olaraq həyata keçirilib. MVM Group-un mülkiyyət hüququnu əldə edəcəyi zaman əməliyyatın bağlanmasının şərtlərinin yerinə yetirilməsindən sonra 2024-cü ilin 3-cü rübündə baş tutacağı gözlənilir.