Bu ilin aprel ayında Ukraynanın “Ukrtransnafta” şirkəti daxili istehlak üçün 61,3 min ton həcmində Azərbaycanın “Azeri Light” markalı neftini tədarük edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ümumilikdə isə “Ukrtransnafta” şirkəti aprel ayında daxili istehlak üçün 244,1 min ton neft tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27,3% çoxdur.
Şirkət tərəfindən tədarük edilən neftin 115,3 min tonu Ukrayna nefti, 67,5 min tonu isə ABŞ-ın “Bakken” markalı neftidir.
Ümumilikdə isə aprel ayında “Ukrtransnafta” şirkəti tərəfindən Ukrayna ərazisindən nəql edilən neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11,6% azalaraq 750,5 min ton təşkil edib.
Şirkətdən bildiriblər ki, aprel ayının nəticələrinə görə, tranzit həcmlərinin azalmasına səbəb Avropa istehlakçıları (Neft Emalı Zavodları) tərəfindən xammala tələbatın azalmasıdır. Belə ki, NEZ-lər koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində karantin tətbiq edildiyindən neft məhsullarının istehsalını kəskin azaldıblar.
Bu ilin yanvar-aprel aylarında isə şirkət tərəfindən nəql edilən neftin həcmi 5,034 milyon ton olub ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 1,7% çoxdur. Bu həcmin 836,1 min tonu Ukrayna NEZ-lərinə nəql edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 20% çoxdur. 4,198 milyon ton neft isə tranzit olub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,3% azdır.