Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR-ın 6,3 milyard dollar sərmayə yatırımı ilə reallaşdırdığı SOCAR Türkiyə Egey Rafinerisi olan STAR neft emalı zavodunun açılış mərasimi keçirildi.
Zavod ildə 10 milyon ton neft emal gücü ilə Türkiyə bazarında neft məhsullarına olan tələbatın böyük hissəsini təmin edəcəkdir. SOCAR-ın yeni zavodu gələcək illərdə Azərbaycan və Türkiyə iqtisadiyyatı üçün ciddi mənfəət gətirəcəkdir.
Oktyabrın 19-da İzmirin Aliağa bölgəsində SOCAR-ın 6,3 milyard dollarlıq investisiyası ilə gerçəkləşdirilən və Türkiyənin ən böyük investisiya layihələrindən olan olan STAR NEZ-in və SOCAR-ın digər layihələrinin – Petlim Konteyner Terminalı, Petkim Külək Enerjisi Stansiyası, Aliağa Baş ofisi binasının açılış mərasimi keçirildi. Bu münasibətlə təşkil olunmuş təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, hər iki dövlətin rəsmi hökumət nümayəndələri və digər çoxsaylı qonaqlar iştirak etmişlər.
Açılış mərasimində çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev STAR layihəsi ilə bağlı demişdir: “Bu gün bizim üçün tarixi bir gündür. Çünki 2011-ci il oktyabr ayında iki ölkənin dövlət başçıları tərəfindən təməli qoyulan STAR zavodunun açılışını həyata keçiririk. Dünyanın ən müasir texnologiyaları ilə inşa və təchiz olunmuş STAR zavodu neft emalı ilə neft-kimya biznesimizin inteqrasiyasını reallaşdırır və bu baxımdan şirkətimiz üçün strateji əhəmiyyət daşıyır. İllik emal gücü 10 milyon ton xam neft olan zavod Azərbaycan və Türkiyə iqtisadiyyatına mühüm töhfələr verəcəkdir”.
STAR zavodu “PETKİM”in və SOCAR-ın Aralıq dənizi bazarında mövqelərini möhkəmləndirəcək. “PETKİM” üçün xammal olan nafta burada istehsal olunacaq və Türkiyənin idxaldan asılılığı xeyli dərəcədə azalacaqdır. STAR NEZ müxtəlif çeşidli xam neft növlərinin emalını həyata keçirə biləcəkdir. Bu da zavodun rəqabət üstünlüyünün göstəricisidir. STAR zavodunun fəaliyyətə başlamasından sonra Türkiyəyə investisiyların davam edəcəyini bildirən R.Abdullayev əlamətdar hadisə münasibəti ilə Türkiyə və Azərbaycan rəhbərlərinə və digər dövlət və hökümət rəsmilərinə, layihənin baş podratçısı olan TSGİ alyansına, layihənin maliyyələşdirilməsində iştirak edən beynəlxalq maliyyə institutlarına, zavodun inşaatı prosesində əməyi keçən bütün çalışanlara təşəkkürünü bildirdi.
Türkiyənin neft məhsullarına ehtiyacının dörddə biri STAR NEZ tərəfindən qarşılanacaq.
Avropa, Orta Şərq və Afrika bölgəsində ən böyük neft istehlakçılarından olan Türkiyə neft-kimya sektorunda cari kəsirin azaldılmasına mühüm töhfə verəcək STAR zavodunda nafta, ksilen, dizel, təyyarə yanacağı, LPG kimi neft məhsulları istehsal olunacaq. Türkyənin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan emal zavodunun inşaat işlərinin pik mərhələsində layihədə 14 ölkədən 19500 işçi, o cümlədən 3000 mühəndis çalışmışdır. Zavod əməliyyata başladıqdan sonra burada 1100 professional işçi daimi əsaslarla çalışacaqdır. STAR layihəsində SOCAR 60% və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 40% səhmə sahibdirlər.
Petlim Konteyner terminalı illik gücü 1.5 milyon TEU olmaqla Türkiyənin ən böyük 3 limanı sırasındadır və terminala 400 milyon ABŞ dolları civarında investisiya qoyulmuşdur.
SOCAR-ın bərpa olunan enerji sahəsində həyata keçirdiyi mühüm layihəsi PETKİM Külək Elektrik Stansiyası 51 MWT gücünə malikdir və layihəyə 55 milyon avro sərmayə qoyulmuşdur. Stansiya Türkiyənin ümumi enerji sisteminə bağlı olaraq, SOCAR-ın Əliağadakı enerji tələbatının təmin olunmasına da mühüm töhfə verəcək.