Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) inşasına bu ilin sonunda başlanacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova deyib.
Nazir qeyd edib ki, IGB Bolqarıstan, Cənub-Şərqi və Mərkəzi Avropa üçün tədarükün şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İndiyədək IGB layihəsi üçün müxtəlif mənbələrdən 85 milyon avroyadək qrant cəlb olunub: “Hazırda layihəni icra edəcək şirkət satınalma prosesini yekunlaşdırmaq üzrədir. İnterkonnektorun tikintisinə cari ilin sonunda başlanması və işlərin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur”.
Qeyd edək ki, 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin ildə Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır. Bolqarıstan bu kəməri ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.