Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri 2019-cu ilin sonunda işə salınacaq.
AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, bunu TAPI konsorsiumunun icraçı direktoru Muhammedmırat Amanov bəyan edib. O deyib: “Biz layihəni indiki mərhələyə çatdırmaq üçün 2015-ci ildən çox iş görmüşük: Türkmənistanda tikintini başa çatdırmışıq, indi isə Əfqanıstanda işləyirik. Biz boru kəmərinin tikintisini 2019-cu ilin sonunda başa çatdırmağı və işə salmağı planlaşdırırıq”.
Layihə 8-10 milyard dollar məbləğində dəyərləndirilir. Uzunluğu 1800 kilometr olan qaz kəməri ilə hər il 33 milyard kubmetr qaz nəql etmək planlaşdırılır.
Qaz kəmərinin mühafizəsi üçün zəruri olan bütün tədbirlərin görüldüyünü vurğulayan Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Nərgiz Nehan deyib: ”Biz risklərin miqyasını başa düşürük, amma layihənin region üçün nə dərəcədə əhəmiyyətli olduğunu da bilirik. Əfqanıstan hökuməti və ölkə əhalisi qaz kəmərinin təhlükəsizliyinin təmin olunması üçün mümkün olan hər şeyi edəcəklər”.
Qaz kəməri işə salınandan sonra Pakistan və Hindistan hər gün təqribən 40 milyon kubmetr qaz alacaq, Əfqanıstan üçün isə gündə 14 milyon kubmetr qaz nəzərdə tutulub.