Türkiyə cari ildə 54,5 milyard kubmetr təbii qaz istehlak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.
Bildirilir ki, Türkiyənin 2018-ci il ərzində təbii qaz istehlakının 54 milyard 523 milyon 999,6 min kubmetr olacağı nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan təbii qazı Türkiyənin tələbatının təxminən 13 faizini ödəyir. Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).