Rusiyanın ən iri metanol və törəmələrini istehsal edən kimya-sənaye kompleksi “Metafraks”ın sahibinin kimliyi uzun müddətdən bəri ilk dəfə üzə çıxıb. Bu, 55 yaşlı azərbaycanlı biznesmen, Qusar rayonunda anadan olmuş Seyfəddin Rüstəmovdur. Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Seyfəddin Rüstəmov energetika və kimya sənayesi sahəsində peşəkar, habelə investor və xeyriyyəçi kimi tanıdılır. Xəbər verilir ki, o, mərkəzi ofisi Perm vilayətinin Qubaxa şəhərində mənzillənmiş, nəhəng zavodlardan ibarət “Metafraks” korporasiyasının nəzarət səhm paketini 2014-cü ildə əldə edib. Onun şirkətin sahibi olması barədə məlumat isə “Metafraks”ın 800 milyon avroluq yeni irimiqyaslı layihəyə hazırlıq kampaniyası çərçivsəsində üzə çıxıb.
“Kommersant-Prikamye” qeyd edir ki, “Metafraks” nümayəndələri şirkətin benefisiarının açıqlanması həm Rusiya, həm beynəlxalq qanunvericiliyin dəyişməsi ilə bağlıdır. Söhbət Seyfəddin Rüstəmovdan gedir. Dünyada domen adlarının ən iri qeydiyyatçılarından biri olan Go Daddy bu il sentyabrın 18-də eyni adlı sayt da qeydiyyatdan keçirib. Rusiyanın işgüzar KİV-ləri isə “Metafraks”ın sahibinin kimliyi barədə məlumatı öz səhifələrində yerləşdiriblər.
Bu məlumata əsasən cənab Rüstəmov 17 iyun 1962-ci ildə Azərbaycanın Qusar rayonunda anadan olub, ali təhsili var-Sosial-Humanitar İnstitutunu bitirib. Sahibkardır, evlidir, üç uşağı var.
Biznesmenin sahibkarlıq karyerasında göstərilir ki, Rüstəmov 2000-ci ildən kimya və neft-kimya sənayesi məhsullarının ticarəti ilə məşğuldur. Energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya qoyur.
Saytda o energetika və kimya sənayesi sahəsində peşəkar, habelə investor və xeyriyyəçi kimi təqdim olunur. Saytda göstərilir ki, “Metafraks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan “MetaHolding” şirkəti də Seyfəddin Rüstəmovun idarəçiliyi altındadır.
“Metafraks” 2017-ci ildə Rusiyanın Perm və Moskva vilayətlərində, habelə Avstriyanın Krems şəhərində istehsalat güclərinə malik olan hərtərəfli şirkətlər qrupuna çevrilib. O, Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır. “Metafraks”ın illik hasilatı 40 milyard rubldan (700 milyon dollara yaxın) çoxdur. Şirkətlər qrupunun illik investisiya həcmi 5 milyard rubla yaxındır. Şirkətin zavodları metanol, formalin, pentaeritrit, urotropin, sintetik qatran və digər adda kimya sənayesi məhsulları istehsal edir. Məhsullarını dünyanın 50-dən çox ölkəsinə satır. Büdcəyə ildə 2 milyard rubldan çox vergi ödəyir.
Xeyriyyəçiliyə gəldikdə isə biznesmen həyat yoldaşı ilə birlikdə səhiyyə, transplantologiya, xərçənglə mübarizə, təhsil və incəsənət fondlarını dəstəkləyir.
Bildirilir ki, 2000-ci ilin əvvəllərindən bu yana “Metafraks” şirkətinin sahiblərinin –son benefisiarlarının kimliyi açıqlanmırdı. Majoritar səhmdarın maraqlarını Qubaxa kimya kombinatında direktorlar şurasının sədri Armen Qarslıyan təmsil edirdi. Armen Qarslıyan 2002-ci ildən “Metrafaks”ın direktorlar şurasının sədridir. Müxtəlif illərdə “Metafraks”ın səhmdarları kimi “SİBUR” Səhmdar Şirkəti (33 faiz), habelə müxtəlif xarici şirkətlər-Panamada qeydiyyatdan keçmiş “Mirvak” və Kiprdə qeydiyyatdan keçmiş “Lipanet Limited” olublar. Həmin Kipr şirkəti 2007-ci ildən “Metrafaks”In nəzarət səhm paketini əldə edib. 2017-ci ildən isə şirkətin nəzarət səhm paketi Seyfəddin Rüstəmovun “MetaHolding” şirkətinin əlindədir. Bu şirkət Rusiyada qeydiyyatdan keçib. Hazırda şirkət “Metafraks”ın səhmlərinin 92 faizinin sahibidir.
Armen Qarslıyan
Armen Qarslıyan “Kommersant-Prikamke” nəşrinə bildirib ki, “Metafraks”ın majoritar səhmdarı, yəni Seyfəddin Rüstəmov kimya sənayesində aktivlərin inkişafı ilə yanaşı xeyriyyəçiliklə də geniş şəkildə məşğuldur, lakin bunları reklam etmək istəmir.
“O, gecə-gündüz nəinki “Metrafaks” qrupunun strateji idarəetməsini həyata keçirir, eyni zamanda operativ məsələlərlə də yüklənib. Biz hazırda eyni zamanda üç zavodun tikintisi üçün danışıqlar aparırırq. Bizim gənc səhmdarımız var, o nə etdiyini, kiminlə iş gördüyünü, hara getdiyini başa düşür”-Rüstəmovun şirkətinin erməni direktoru bildirib.
Hazırda “Metafraks” ammiak, karbamid və melamin zavodlarının tikintisinə hazırlaşır. Bu layihənin dəyəri 800 milyon avrodur və biznesmen hazırda layihənin maliyyələşdirilməsi üçün banklarla danışıqlar aparır. Şirkətin sahibinin kimliyinin açıqlaması da qanunvericilikdə edilmiş dəyişikliklərdən irəli gəlir.
Dmitri Rıbolovlev
Rüstəmovun sahibi olduğu şirkətin Direktorlar Şurasının sədri və eyni zamanda icraçı direktoru Armen Qarslıyana gəldikdə isə o, 1968-ci ildə Gürcüstanın Boqdanovka qəsəbəsində anadan olub. Orada orta məktəbi bitirib, daha sonra Rusiyanın Stavrapol şəhərinə köçüb. Perm Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2001-ci ildən “Metafraks “şirkətinin Direktorlar Şurasının üzvüdür, 2002-ci ildən isə şuranın sədri və şirkətin icraçı direktorudur. Hakim “Vahid Rusiya” partiyasından Perm vilayət dumasının deputatıdır. Rusiyadakı erməni bznes-elitasının üzlərindən sayılır.
Virtualaz.org araşdırıb ki, “Metafraks”ın sahibi Seyfəddin Rüstəmov ötən əsrin qarmaqarışıq 90-cı illərində indiki rusiyalı milyarder-oliqarx Dmitri Rıbolevlevlə ortaq olub. Hətta onun adı Rıbolovlevin adı keçən sifarişli qətldə keçir. Belə ki, “Novaya qazeta”nın 2016-cı ilin oktyabrında yazdığına görə Rıbolovlevin adı 1995-ci ildə Permin “Nefteximik” müəssisəsinin icraçı direktoru Yevgeni Panteleymonovun qətlinin sifarişçisi kimi keçirdi. Həmin müəssisə Rıbolovlev, Rüstəmov və digərlərinin yer aldığı qruplaşma tərəfindən bazar dəyərindən aşağı özəlləşdirilmişdi. Panteleymonovun qətlinə dair cinayət işinin materiallarına əsasən 1994-cü ildə Rıbolovlev Permdə “Kamennıy poyas” çek-investisiya fondunun prezidenti olarkən Oleq Lomakin, Seyfəddin Rüstəmov, Nelyubin V.A, Çernyavski V.B. və digərləri ilə cinayət əlaqəsinə girərək vilayətin ərazisindəki kimya və neft-kimya müəssisələrinin, o cümlədən “Uralkaliya”, “Nefteximik” və “Metafraks”ın bazar dəyərindən aşağı özəlləşdirilməsi əməliyyatını qurublar. Bu zaman onlar kriminal qruplaşmaların dəstəyindən istifadə ediblər.
Həmin cinayət işi üzrə Rıbolovlev bir neçə ay təcridxanada saxlanılıb, lakin sonda onun qətldə rolu “sübut olunmayıb” və buraxılıb. Qəzet yazır ki, sonralar Rıbolovlev və ortaqları nüfuzlu biznesmenlərə, oliqarxlara çevriliblər. Seyfəddin Rüstəmov isə xaricə gedib və artıq 15 ildir ki, ABŞ-ın Virciniya ştatındakı dəbdəbəli malikansində yaşayır.
Virtualaz.org