Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa olunmuş bioloji təmizləmə qurğusu istifadəyə verilib.
SOCAR mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, bu münasibətlə keçirilmiş tədbirdə zavodun rəhbərliyi və aidiyyati qurumların məsul şəxsləri iştirak etmişlər.
Müəssisənin rəhbərliyi bioloji təmizləmə qurğusu layihəsinin icrası ilə bağlı məlumat verib. Qeyd olunmuşdur ki, sutkada 1500 kubmetr sutəmizləmə gücünə malik “BİOMAS-P” tipli qurğuda təmizlənəcək məişət-çirkab suları zavod ərazisində salınmış yaşıllıq zonasının suvarılması və texniki məqsədlər üçün yararlı olacaq. Təmizlənmiş suyun laboratoriyada mütəmadi yoxlanılması üçün lazımi şərait yaradılıb. Layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilmiş qurğunun baş podratçısı “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsidir. Müəssisə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, tikinti-quraşdırma işlərini vaxtında və yüksək səviyyədə həyata keçirmişdir. Müasir avtomatlaşdırma vasitələrindən istifadə olunmuş, qurğu zəruri avadanlıqlar və müasir avtomatik idarəetmə sistemləri ilə təchiz edilmişdir.
Qeyd olunmuşdur ki, perspektivdə qurğunun imkanlarından SOCAR-ın zavoda yaxın ərazidə yerləşən digər müəssisələrində də istifadə olunması planlaşdırılır. İclasda “BİOMAS-P” qurğusunun fasiləsiz istismarı üçün ixtisaslı operatorların hazırlanması haqqında fikir mübadiləsi aparılmışdır.