Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) gündəlik neft hasilatının azaldılması üzrə sazişə bu quruma daxil olmayan daha çox ölkənin qoşulacağını gözləyir. AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo bəyan edib.
O deyib: “Biz – OPEC ölkələri və OPEC üzvü olmayan 11 ölkə əməkdaşlığı davam etdiririk. Gözləyirik ki, OPEC-ə daxil olmayan başqa ölkələr, o cümlədən ABŞ da bizə qoşulacaq”.
OPEC ölkələri noyabrın 30-da keçirilən iclasda gündəlik neft hasilatını 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrelə çatdırmaq barədə razılığa gəliblər və bu planı təsdiq ediblər. OPEC üzvü olmayan ölkələr dekabrın 10-da gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmağa razılaşıblar.
Saziş yanvar ayında qüvvəyə minəcək. İlin birinci yarısı üçün nəzərdə tutulan sazişin müddəti uzadıla bilər.