Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Natiq Əliyev noyabrın 30-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.
Energetika naziri hesab edir ki, neftin qiymətində sabitliyə və yüksəlişə yalnız OPEC ölkələrinin sutkalıq hasilatı 1,2 milyon barrel azaltmasını nəzərdə tutan qərar uzunmüddətli olacağı təqdirdə nail olmaq mümkündür.
“Azərbaycanın mövqeyinə gəldikdə isə, hamıya məlumdur ki, Prezident İlham Əliyev səviyyəsində Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib. Bir daha vurğulayırıq ki, Azərbaycan neft hasilatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır”, – deyə nazir bəyan edib.
OPEC-in dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə nəzərdə tutduğu görüşlə bağlı N.Əliyev bildirib ki, toplantıya dəvət olacağı və iştirakımızın zəruri hesab ediləcəyi təqdirdə Azərbaycan tədbirə qatılacaq. “Hesab edirəm ki, qeyri-OPEC ölkələri üçün hasilatı hansı həcmdə azaltmaqla bağlı məsələlər bu toplantıdakı müzakirə əsasında müəyyənləşəcək. Azərbaycan irəli sürüləcək təklifi qəbul etməyə və beləliklə, neftin qiymətinin artması prosesinə öz töhfəsini verməyə hazırdır”, – deyə N.Əliyev qeyd edib.
Qeyd edək ki, OPEC 2008-ci ildən sonra ilk dəfə dünən Vyanada keçirilən təşkilatın Nazirlər Şurasının 171-ci iclasında kartel üzrə neft hasilatının səviyyəsinin gündəlik 1,2 milyon barrel azaldılması barədə qərar qəbul edib.